Azərbaycan tarixinin ən böyük amnistiyası

Azərbaycan tarixinin ən böyük amnistiyası

Ayxan Aslanlı

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Azərbaycan Dövlət İqtisad Üniversitetinin tələbəsi

Prezident cənab İlham Əliyev üçün humanizm dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində hər zaman insan amili, vətəndaş rifahı və sosial ədalət dayanır. 2025-ci il amnistiya təşəbbüsü məhz bu humanist yanaşmanın məntiqi davamıdır. Bu akt tətbiq ediləcəyi şəxslərin sayına görə müstəqil Azərbaycan tarixinin ən böyük amnistiyası olacaqdır. 

Ümumilikdə 20 mindən çox şəxsin bu aktdan yararlanması gözlənilir ki, bu da dövlətin öz vətəndaşına olan inamının ən ali təzahürüdür. Proqnozlara əsasən:

• 5 mindən çox məhkum azadlıqdan məhrum etmə cəzasından tamamilə azad ediləcək;

• 3 mindən artıq şəxsin cəzasının çəkilməmiş hissəsi azaldılacaq;

• 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından azad olunacaq;

• 4 minə yaxın şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti cəzalardan azad ediləcək;

• Mindən çox şəxs isə birbaşa cinayət məsuliyyətindən azad ediləcəkdir.

Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.