YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

28 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

Bu gün Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi 20 ünvanında yerləşən (280 №-li tam orta ümumtəhsil məktəbi) Ərazi Partiya Təşkilatında (ƏPT) növbəti belə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan ƏPT sədri, məktəbin direktoru Nəsimi Quliyev iştirakçıları salamladıqdan sonra 2 oktyabr tarixində keçirilmiş YAP-ın VIII Qurultayında Cənab Prezidentin çıxışından irəli gələn vəzifələrin müzakirəsi məqsədilə təşkil olunmuş görüşdə Qurultayda qəbul edilmiş qərarların və dövlət başçısının dərin məzmunlu çıxışında qarşıya qoyduğu vəzifələrin hər bir YAP üzvünün üzərinə daha böyük məsuliyyət qoyduğunu, ərazi təşkilatlarının işinin daha sistemli və ardıcıl qurulmasının, ideoloji-siyasi işin gücləndirilməsinin və hər bir partiya üzvünün öz əmək fəaliyyətində nümunə göstərməsinin vacibliyini xüsusi vurğulayıb.

YAP üzvü, məktəbin tarix müəllimi Şərif Hüseynov çıxış edərək Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin ölkənin qarşıdakı inkişaf prioritetlərini əks etdirdiyini qeyd edib. O, dövlət başçısının nitqində irəli sürülən məsələlərin ardıcıl şəkildə həyata keçirilməsinin ölkəmizin davamlı inkişafına və qarşıya qoyulan hədəflərə nail olunmasına xidmət etdiyini bildirib.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlət müstəqilliyinin və milli təhlükəsizliyin qorunması, iqtisadi tərəqqinin davam etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, YAP-ın sədri cənab İlham Əliyevin çıxışında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi hər bir sahədə məsuliyyətli fəaliyyətin təşkilini, milli-mənəvi dəyərlərin qorunmasını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini və maarifləndirmə işinin gücləndirilməsini tələb edir. Xüsusilə gənclərin zərərli ideoloji təsirlərdən qorunması, onların dövlətçilik ənənələrinə və milli dəyərlərə bağlılığının artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Paylaş