Türk Dünyasının Əməkdaşlıq Platforması: Gənc Nəslin Strateji Prioritetləri

Türk Dünyasının Əməkdaşlıq Platforması: Gənc Nəslin Strateji Prioritetləri

Fidan Məmmədzadə

Bakı Dövlət Universitetinin III kurs tələbəsi

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə üzv ölkələr arasında siyasi, iqtisadi, humanitar və təhlükəsizlik platforması kimi öz qlobal nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda təşkilata üzv dövlətlərin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə keçirdiyi görüşdə səsləndirdiyi bəyanatlar TDT-nin artan beynəlxalq nüfuzunu, strateji potensialını və birgə fəaliyyət imkanlarını aydın şəkildə nümayiş etdirir.

Dövlət başçısının vurğuladığı kimi, təşkilat çərçivəsində müxtəlif səviyyələrdə təşkil olunan sammitlər və görüşlər TDT-nin qlobal müstəvidə aktual mövzuların həllində aktiv rol aldığını sübut edir. Təhlükəsizlik məsələlərindən tutmuş enerji, logistika, ticarət və mədəniyyət sahələrinə qədər uzanan geniş inteqrasiya, təşkilatın fəaliyyət dairəsinin miqyasını göstərir.

Bu prosesdə əsas hədəflərdən biri üzv dövlətlərin daxili potensialından tam istifadə edərək TDT-nin beynəlxalq arenadakı çəkisini daha da artırmaqdır. Azərbaycan əlverişli geosiyasi mövqeyi, zəngin enerji resursları və geniş tranzit imkanları ilə bu tərəfdaşlıqda aparıcı qüvvə kimi çıxış edir.

Şərqlə Qərbin qovşağında qərarlaşan respublikamız həm Mərkəzi Asiya regionu, həm də Türkiyə ilə sıx tərəfdaşlıq quraraq regional nəqliyyat və enerji layihələrinin gerçəkləşməsinə misilsiz töhfələr verir. Bu kontekstdə Prezident İlham Əliyev xüsusi olaraq qeyd etmişdir ki, müasir dövrdə enerji təhlükəsizliyi və logistik bağlantılar artıq ümumi milli təhlükəsizlik anlayışından ayrı nəzərdən keçirilə bilməz.

Azərbaycanın digər türk dövlətləri ilə münasibətləri yalnız çoxtərəfli qurumlar daxilində məhdudlaşmır, həm də ikitərəfli müstəvidə uğurla inkişaf edir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə imzalanan yüksək səviyyəli müttəfiqlik sazişləri və bəyannamələri, həmçinin Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə birgə təsis edilən investisiya fondları bu strateji tərəfdaşlığın əməli nəticələridir.

Bütün bunları ümumiləşdirərək bu böyük ailənin gələcəyi olan gənclər olaraq deyə bilərik ki, dövlət başçısı Türk dünyası ilə əlaqələrin dərindən inkişaf etdirilməsinin Azərbaycan dövlətinin xarici siyasət kursunun ən mühüm prioriteti olduğunu bir daha qətiyyətlə bəyan etmişdir. Bizlər də bu milli ideyanın daima aktual olması üçün çalışmalı və ailəmizi qorumalıyıq.

Paylaş