Vahid dövlətçilik ideyası 3 oktyabr 1993-cü ildən etibarən rəsmi ideologiyaya çevrildi

Vahid dövlətçilik ideyası 3 oktyabr 1993-cü ildən etibarən rəsmi ideologiyaya çevrildi
Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi

3 oktyabr 1993-cü il tarixi müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və müstəqilliyimizin qorunmasında ən mühüm dönüş nöqtəsidir. Dövlət quruculuğunun mühüm mərhələlərindən biri olan Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinə gedən yol məhz 3 oktyabr 1993-cü ildə xalqın nümayiş etdirdiyi böyük siyasi iradə ilə başlamışdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirsə də, bu hüquqi bazanın siyasi bünövrəsi 3 oktyabr 1993-cü il seçkiləri ilə qoyulmuşdur.

Konstitusiyada Azərbaycan Respublikasının demokratik, dünyəvi, hüquqi və unitar dövlət olduğu təsbit edildi və bu ali prinsiplərin real həyata vəsiqə qazanması 3 oktyabr 1993-cü ildən sonrakı dövlətçilik xəttinin birbaşa nəticəsi idi. İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edildi ki, bu da 3 oktyabr 1993-cü il tarixinin gətirdiyi siyasi sabitliyin bəhrəsi idi.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri Azərbaycanın enerji potensialından səmərəli istifadə edilməsi və ölkəyə xarici investisiyaların cəlb olunması idi. Əgər 3 oktyabr 1993-cü ildə ölkədə güclü lider hakimiyyəti qurulmasaydı, xarici şirkətlərin Azərbaycana etimad göstərməsi qeyri-mümkün olardı.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının mühüm hadisələrindən biri oldu və bu qlobal sazişin əsas təhlükəsizlik zəmanəti məhz 3 oktyabr 1993-cü il seçimlərinin yaratdığı sabitlik mühiti idi. Bu saziş ölkənin iqtisadi imkanlarının genişləndirilməsi, enerji sektorunun inkişafı və Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin güclənməsi baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilir.

Ulu Öndərin xarici siyasət kursunda Azərbaycanın milli maraqlarının qorunması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və ölkənin dünya birliyində mövqeyinin möhkəmləndirilməsi əsas istiqamətlərdən olmuşdur ki, bu diplomatik hücumun da start nöqtəsi 3 oktyabr 1993-cü il tarixi hesab olunur. Azərbaycan müxtəlif beynəlxalq və regional təşkilatlarla əlaqələrini inkişaf etdirmiş, xarici dövlətlətlərlə siyasi, iqtisadi və humanitar münasibətlərini genişləndirmişdir.

Heydər Əliyevin dövlətçilik irsinin mühüm istiqamətlərindən biri də azərbaycançılıq ideyasının dövlət siyasətində və ictimai düşüncədə möhkəmləndirilməsi idi. Azərbaycançılıq müxtəlif sosial və siyasi baxışlara malik insanları vahid dövlətçilik ideyası ətrafında birləşdirən anlayış kimi məhz 3 oktyabr 1993-cü ildən etibarən rəsmi ideologiyaya çevrilməyə başladı.

Bu baxımdan 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri yalnız siyasi hakimiyyət dəyişikliyi kimi deyil, ölkənin sonrakı inkişaf istiqamətlərinin müəyyənləşməsi baxımından da mühüm hadisə kimi xarakterizə edilir.

Paylaş