YAP-ın VIII Qurultayı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli tədbirdir

YAP-ın VIII Qurultayı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli tədbirdir

Südabə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. Partiyanın fəaliyyəti, qəbul edilmiş qərarlar və həyata keçirilən siyasi xətt Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və ölkəmizin davamlı inkişafında mühüm rol oynayır.

Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. Qurultay Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qalıb. Tədbirə hazırlıq çərçivəsində partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib və qurultaya 960 nümayəndə seçilib.

Yeni Azərbaycan Partiyası ölkənin müxtəlif bölgələrini və sosial qruplarını əhatə edən geniş təşkilati şəbəkəyə malikdir. Partiyanın 800 mindən çox üzvünün olması, rəqəmsal idarəetmənin inkişaf etdirilməsi və yeni kadrların irəli çəkilməsi onun fəaliyyətinin əsas istiqamətlərindəndir.

Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər xalqımızın birliyinin, milli həmrəyliyinin və Azərbaycan Ordusunun gücünün parlaq təcəssümüdür. Bu tarixi Qələbə nəticəsində regionda yeni reallıqlar yaranmış, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir.

Azərbaycanın əldə etdiyi Zəfər yalnız hərbi uğur deyil, həm də dövlətçilik tariximizin mühüm mərhələsidir. Ərazi bütövlüyünün və suverenliyin bərpası ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar yaradıb, xalqımızın milli qürurunu və özünəinamını daha da gücləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və davamlı inkişafın təmin olunmasına xidmət edir.

Hazırda ölkəmizdə iqtisadi, sosial və digər sahələrdə islahatlar davam etdirilir. Enerji, nəqliyyat və infrastruktur layihələri Azərbaycanın regional əməkdaşlıqda rolunu artırır, beynəlxalq tərəfdaşlarla əlaqələrin genişlənməsinə töhfə verir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi dövlətimizin qarşıya qoyduğu strateji hədəflərin mühüm tərkib hissəsidir.

Nəticə etibarilə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati inkişafının gücləndirilməsi və ölkənin ictimai-siyasi həyatında qarşıda duran vəzifələrin müzakirəsi baxımından əhəmiyyətli tədbirdir. Azərbaycanın möhtəşəm Zəfəri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət və xalqımızın birliyi ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açır. Bu gün əsas məqsəd qazanılmış tarixi nailiyyətləri qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək və müstəqil Azərbaycanın gələcək uğurlarını təmin etməkdir.

Paylaş