Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır

Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır

Ofelya Musayeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim

Azərbaycanın qazandığı tarixi və möhtəşəm Zəfər 30 illik işğala, soydaşlarımızın doğma yurd həsrətinə son qoydu. Qüdrətli ölkəmiz öz qalibiyyətini məharətlə dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təminatı, dövlətimizin tərəqqisi və ölkəmizin rifahı üçün mühüm tədbirlər həyata keçirilir. Azərbaycanın əhəmiyyətli tədbirə ev sahibliyi etməsi onun mühüm qərarların verildiyi beynəlxalq platformanın ayrılmaz hissəsinə, sülhün və ədalətin bərpasının təminatçısına çevrilməsinin bariz nümunəsidir.

11 oktyabrda Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının 53-cü iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul etdi. Görüşdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan xüsusi xidmət orqanlarının və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbərləri iştirak edirdilər.

Görüşdə Azərbaycanın Qarabağ bölgəsindəki münaqişənin kökləri və tarixinə toxunan Prezident İlham Əliyev bildirdi ki, illər boyunca Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın güc balansını dəyişmək iqtidarında olan dövlət başçıları ilə görüşlərində, beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirib ki, Azərbaycan öz əzəli torpaqlarının bir qarışını da ermənilərə güzəştə getməyəcək. Bu məsələdə Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır.

Azərbaycan Prezidenti sülhün, regionda əlalət və sabitliyi daim dəstəkləyib. Bu gün beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyi dəstəklənir, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları dövlətlər tərəfindən tanınır. Bu isə ölkəmizin sülh təşəbbüslərinin və bu istiqamətdə apardığı ardıcıl siyasətin bariz ifadəsidir. Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Bununla da Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Daim öz haqlı mövqeyini müdafiə edən dövlətimiz uğurla inkişaf edir.

Dövlətimizin qətiyyəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfərimiz ədalətin, sülhün və həmrəyliyin təntənəsi kimi dövlətimizin firavan gələcəyi üçün yeni imkanlar yaradir və hər birimiz dövlətimizin nailiyyətlərilə qürur duyuruq.