Azərbaycan bütün humanitar qaydalara, beynəlxalq hüquq və konvensiyalara daim riayət edir
Arzu Hacı-zadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
8 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin müavini
Sentyabrın 19-da qəhrəman Azərbaycan ordusunun Qarabağ İqtisadi Rayonu ərazisində həyata keçirdiyi lokal antiterror tədbirləri mənfur düşmənin təslimiyyəti ilə başa çatdı. 44 günlük Vətən müharibəsindən sonra düşmənin təxribatları vaxtaşırı anti-terror əməliyyatlarının həyata keçirilməsinə gətirib çıxarır, hətta bu əməliyyatları zəruri edirdi. Son illər ərzində Ermənistan və onun Azərbaycan ərazisində olan hərbi qrupları Qarabağ ərazisində hərbi təxribatlar törədir, ərazini minalayır, dinc əhaliyə qarşı təxribatlar törədirdi. Bu ərazilərə Rusiya sülhməramlılarının nəzarət etməsi “boz” bölgələr yaradır və bu ərazilərdə heç bir suveren dövlətin qəbul etməyəcəyi addımlar atılırdı. Son Lokal anti-terror tədbirləri ilə dövlətimiz bu kimi addımların qarşısını almış oldu.
Xatırlayırsınızsa, Ermənistan tərəfinin başlatdığı 2016-cı ildə baş verən aprel döyüşləri, 2020-ci ilin sentyabrında təcavüz aktı mütləq şəkildə antiterror tədbirləri aparmağımıza təhrik edən səbəblər idi. Bu təxribatlar o zaman 44 günlük savaşa gətirib, çıxarmışdı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağda yerləşmiş hərbi xunta rejimi həyata keçirilmiş hərbi tədbirlərdən, verdikləri itkilərdən lazımi dərsi almamış, nəticə çıxara bilməmişdir. Azərbaycan dövləti və ordusu vaxtaşırı anti-terror əməliyyatları keçirməyə məcburdur.
Azərbaycanın Şanlı Ordusu Ali Baş Komandanın göstərişinə uyğun olaraq 19 Sentyabrda cəmi 23 saat 43 dəqiqə ərzində separatçıları məğlub edərək diz çökdürdü. Vətən müharibəsinin gedişində olduğu kimi bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Əsgərlərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstərdi. Azərbaycan bütün dünyaya növbəti hərbi-siyasi qələbəsini nümayiş etdirdi, öz sülhsevər, vətənpərvər mövqeyini sərgilədi.
Azərbaycan bütün humanitar qaydalara, beynəlxalq hüquq və konvensiyalara daim riayət edir. İlk gündən humanitar yolu açıq saxlayıb. Xankəndi və onun ətrafında yaşayan erməni əsilli əhali asanlıqla Azərbaycan ərazilərindən çıxaraq Ermənistana gedə bilirlər. Halbuki, 1992-ci ilin 26 fevralında Xocalı əhalisinə qarşı eyni həssaslıq və humanizm nümayiş etdirilməmiş və insanlıq tarixinin ən acımasız faciələrindən biri törədilmişdi.
Azərbaycan suveren ərazilərini qorumaq, vətəndaşlarının təhlükəsizliyini təmin etmək, öz ərazilərində terrorçu təşkilatları təmizləmək kimi böyük və tarixi bir addım atdı. Bütün ermənipərəst qüvvələrin təzyiqinə və ölkəmizə təsir cəhdlərinə rəğmən dik duran və qətiyyətli rəhbərimiz olduğu üçün çox şanslıyıq. Beləliklə, Azərbaycan ordusu antiterror tədbirləri həyata keçirmək üçün Ali Baş Komandanın ətrafında birləşərək qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gəldi, nümunəvi şəkildə tapşırığı yerinə yetirdi.
Belə bir möhkəm iradəyə, tərəqqiyə və parlaq gələcəyə malik ölkənin vətəndaşı olmaqda qürur duyuruq. Dövlətimizin apardığı siyasətin başlıca qayəsi ərazi bütövlüyümüzün təmin edilməsi, sülhün və əmin-amanlığın bərqərar olması və vətəndaşların rifahıdır.
Əlbəttə, yenidən şəhidlərimizin, qazilərimizin olması həkim kimi, ana kimi məni də sonsuz kədərə qərq edir. Lakin məğrur və müdrik xalqımızın hər bir nəfəri bilir ki, Azərbaycan süıhsevər xalqıdır, ölkədir. Suverenliyimizi qorumaq üçün canlarını qurban verən müqəddəs şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirəm. Torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda Vətən olur.
Qəhrəman oğullarımız sayəsində Azərbaycan daim suveren və müstəqil dövlət olaraq yaşayacaqdır!!!