Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur

Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur

 Ədilə İbrahimzadə

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 24 nömrəli Şəhər Poliklinikasının Mülki müdafiə üzrə mütəxəssisi

Balkan yarımadasında yerləşən Bolqarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımışdır. Azərbaycan və Bolqarıstan arasında sıx münasibətlər mövcuddur. Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı davamlı olaraq qarşılıqlı maraq nümayiş etdirilmişdir.

Ötən dövr ərzində iki ölkənin dövlət başçılarının, o cümlədən nazirlərin, parlament rəhbərlərinin qarşılıqlı səfərləri təşkil olunmuşdur. İlk dəfə Ulu Öndər Heydər Əliyev 29-30 iyun 1995-ci ildə Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. 2-3 dekabr 1999-cu ildə isə Bolqarıstan prezidenti Petar Stoyanov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana ilk rəsmi səfəri 2005-ci ilin 23-24 sentyabr tarixlərində baş tutmuşdur. Azərbaycan və Bolqarıstan arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə çatmışdır. Azərbaycanın enerji ixracatçısı və tranzit ölkə kimi əhəmiyyətinin artması bir çox dövlətlər kimi, Bolqarıstanı da respublikamızla əməkdaşlığa cəlb edir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür və bu layihə 7 ölkəni birləşdirir. Cənub Qaz Dəhlizi layihəsi Mərkəzi Asiya və Xəzər bölgəsindən Avropa ölkələrinə təbii qazın nəql edilməsi enerji təhlükəsizliyinin alternativ və etibarlı yollarındandır. Bu mənada, Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur. Hazırda Azərbaycan-Bolqarıstan münasibətləri hərtərəfli səciyyə daşıyır və qarşılıqlı əlaqələrin bundan sonrakı inkişafı üçün geniş imkanlar mövcuddur.

2011-ci ildə Bakı şəhərində Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi Birgə Bəyannamə imzalanmışdır. Nəticə etibarilə Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur. Bu məqamda xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir.

Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi. Sevindirici haldır ki, bu gündə həmin siyasət cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmiz Avropanın etibarlı tərəfdaşıdır.