Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir
Səlim Rəhimzadə
YAP Suraxanı rayon təşkilatının üzvü
"Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
1993-cü il dönüş nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Sabitliyin, normal iqtisadi mühitin yaradılması Azərbaycana investisiya axınını sürətləndirdi. Ümummilli Lider Heydər Əliyev xarici investorlara belə bir çağırışı etdi ki, yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. Halbuki müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Bu səbəbdən də onlar Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdana qədər Azərbaycanda yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, bugününə və sabahına inamı artırdı. “Əsrin müqaviləsi” bu inamın, etibarın təqdimatı oldu.
Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək üçün gündəmə gətirdiyi hər bir layihə beynəlxalq səviyyədə təqdir edilir, regionun, dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Ümumilikdə Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunması ilk növbədə etibarlı tərəfdaş kimi qazandığı hörmətin, ölkəmizə olan inamın nəticəsidir. Hazırda nəinki ölkə, hətta dünya mətbuatında geniş müzakirə olunan COP29 konfransının bu il Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışlarda da bu məqam xüsusi qeyd edildi. Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Stiven Murtay bildirdi ki, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi bizi çox məmnun edib. Bu, ölkənin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir. Bu seçim iqlim dəyişikliyi üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu əminliyi ifadə etdi ki, Azərbaycan qarşıdan gələn COP29 konfransına ev sahibliyini yüksək səviyyədə həyata keçirəcək, iqlim dəyişikliyi ilə bağlı məqsədə çatmaqda böyük uğurlar əldə edəcək. Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir vurğuladı ki, həqiqətən də bu gün bu qədər sayda yaxın dostların, tərəfdaşların yanında – Bakıda olmaq bizim üçün böyük məmnuniyyətdir. Bu, olduqca çox mühüm toplantıdır. Biz burada xeyli sayda yaxın dostlarla, tərəfdaşlarla əhatə olunmuşuq.
Göründüyü kimi, söylənilən hər bir fikir Azərbaycan haqqında beynəlxalq rəyin yüksək səviyyədə olduğunu təsdiqləyir. Təbii ki, bu etibar, inam dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, onilliklər ərzində yaradılıb. Bunun bariz nümunəsi kimi əməkdaşlığın regional çərçivədən başlanılması və zaman keçdikcə coğrafiyasının genişləndirilməsidir. Azərbaycan atdığı hər bir addımı ilə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bakı Enerji Həftəsi çərçivəsində alternativ enerji ilə bağlı imzalanan müqavilələr “yaşıl enerji” strateji hədəfinin reallaşması istiqamətində mühüm addımlar olmaqla yanaşı, Azərbaycan qlobal güc olaraq nüfuzunun göstəricisidir.