"44 Gün" adlı Zəfər tədbiri keçirilmişdir

"44 Gün" adlı Zəfər tədbiri keçirilmişdir
03 noyabr 2025 tarixində Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə "44 Gün" adlı Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə ana, Şəhid Bilal Qənbərovun anası Gültəkin Qənbərova, Şəhid məzun Sayad Hacıyevin anası Simuzər Hacıyeva, Şəhid məzun Cavid Cabbarzadənin anası Almaz Cabarzadə, Şəhid baş leytenant Qoşqar Aslanovun həyat yoldaşı Arzu Aslanova, Vətən müharibəsi iştirakçısı Fərid Həsənov, məktəb rəhbərliyi, şagirdlər, valideynlər iştirak etdilər.
 Şagirdlər tədbirdə Zəfər Gününün sevincini tərənnüm edən mahnılar ifa etdilər, rəqslərlə çıxış etdilər, şeirlər səsləndirdilər.  
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov başda şəhid anaları olmaqla hər kəsi salamlayaraq dedi ki,  Vətən müharibəsinin şanlı tarixindən, ölkəmizin suverenliyi uğrunda Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğ"u  ətrafında birləşən xalqımız böyük şücaət nümayiş etdirmişdir. Yerli təşkilatın sədri bildirdi ki, Azərbaycan xalqı öz lideri- Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.   
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova çıxış edərək yetişən gənc nəsilə Vətən uğrunda şəhid olan igidlərin əziz xatirəsini daim yaşatmağı, onların əmanət qoyduğu Vətən torpağının keşiyində şərəflə və qürurla dayanmağı arzu etdi.
Çıxış edən Şəhid anaları, Şəhidin həyat yoldaşı Şəhidlərin keçdiyi döyüş yolundan, onların Vətən sevgisindən, qələbə əzmindən danışdılar. Vətən müharibəsi iştikakçısı Fərid Həsənovun çıxışında müharibənin çətinliyini, Zəfərin sevincini öz əksin tapdı.
Məktəbin direktoru Yasin Quliyev fəxri qonaqlara tədbirdə iştirakı üçün öz təşəkkürünü bildirdi və Zəfər Günü münasibətilə onları təbrik etdi. Yasin Quliyev öz çıxışında bildirdi ki, Vətən müharibəsində qazandığımız Şanlı qələbənin təcəssümü olan Zəfər Gününün beşinci ildönümünü iftixar hissi ilə qeyd edirik.44 gün davam edən və işğal altındakı ərazilərin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi Azərbaycan əsgərinin şücaətini , qəhrəmanlığını, xalqın milli birliyini özündə birləşdirir .  Bu gün Azərbaycan xalqı  müzəffər xalq, Azərbaycan dövləti qalib dövlət  kimi yaşayacaq. Övladları Azərbaycan Zəfəri üçün canından keçən Şəhid analarının qəlbində həm qürur,həm bitməyən bir həsrət ,həm Zəfərin sevinci, həm də ömürlük ağrı var. Onlar qələbənin ən böyük pay sahibləridir. Zəfər anaların göz yaşı, Qəhrəmanların qanı ilə yazılıb. Yasin Quliyev bu zəfəri bizlərə yaşadan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə ananın timsalında bütün Şəhid analarına dərin minnətdarlıq hissini bildirdi.