YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
22 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.
Növbəti belə görüş Yeni Suraxanı qəsəbəsi M.Ə.Sabir küçəsi 60 ünvanında yerləşən Ərazi partiya təşkilatında (101 nömrəli tam orta ümumtəhsil məktəbi) keçirilib.
Tədbiri giriş sözü ilə açan ƏPT-nin sədri, 101 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Xəyalə Əzizova bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni geosiyasi şəraitdə keçirilən qurultay ölkəmizin keçdiyi tarixi yolun qiymətləndirilməsi, mövcud reallıqların təhlili və qarşıdakı dövrün strateji prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Fərəh Məcidzadə vurğulayıb ki, Prezident cənab İlham Əliyevin qurultaydakı çıxışı Azərbaycanın dövlətçilik təcrübəsinin əsas prinsiplərini, müstəqil siyasət modelini və gələcəyə hesablanmış inkişaf strategiyasını əhatə edir. Çıxışın siyasi mahiyyətini anlamaq üçün Azərbaycanın son onilliklərdə keçdiyi yola nəzər salmaq kifayətdir. Müstəqilliyin ilk illərində ciddi siyasi böhran, iqtisadi tənəzzül və ərazi itkiləri ilə üzləşən ölkəmiz bu gün beynəlxalq münasibətlər sistemində öz mövqeyi, siyasi iradəsi və milli maraqlarına əsaslanan qərarları ilə seçilən dövlətə çevrilib. Bu dəyişiklik ardıcıl dövlət siyasətinin, milli iradənin və strateji hədəflərə sadiqliyin təzahürüdür.
Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatının fəal üzvləri, 101 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Rövşən Qasımov, tarix müəllimi İradə Bayramova qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtələrindən biri oldu. 1992-ci ildə ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıqların mövcud olduğu bir şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan siyasi hərəkat xalqın sabitlik, güclü dövlət və milli maraqların qorunması istəyini ifadə edirdi. Sonrakı illərdə müəyyənləşdirilən dövlətçilik strategiyası müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi üçün əsas yaratdı.
Görüşün sonunda partiya üzvləri və iştirakçılarla müzakirələr aparılmış, sualları ətraflı cavablandırılmışdır.