26 Fevral – Xocalı soyqırımı və tarixi ədalətin bərpası
Kənan Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktor müavini
Xocalının zəfər tarixi Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının mühüm mərhələsidir. Bu tarix təkcə hərbi uğur deyil, həm də 26 fevral 1992-ci ildə baş vermiş faciənin ədalətli nəticəsidir.
1994-cü ildə atəşkəs imzalansa da, Xocalı və digər torpaqlar işğal altında qaldı. Bu illər ərzində Azərbaycan dövləti beynəlxalq müstəvidə Xocalı həqiqətlərini tanıtmaq, diplomatik və siyasi mübarizə aparmaq istiqamətində fəaliyyət göstərdi.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla müharibə başa çatdı. Nəticədə Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi. Lakin həmin mərhələdə Xocalı şəhəri hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə qalırdı.
20 sentyabr 2023-cü ildə qanunsuz silahlı birləşmələr təslim oldu və Qarabağda konstitusiya quruluşunun bərpası təmin edildi. Bununla da Xocalı şəhəri və rayonu tam şəkildə Azərbaycan dövlətinin nəzarətinə keçdi. Bu tarix Xocalının faktiki azadlığı və suverenliyin bərpası günü kimi tarixə düşdü.
15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocalı şəhərinə səfər etdi və Azərbaycan Respublikasının Dövlət Bayrağı Xocalıda ucaldıldı. Həmin gün həmçinin Əsgəran qəsəbəsində də Dövlət Bayrağı qaldırıldı. Bu hadisə Xocalının rəsmi şəkildə dövlət hakimiyyətinə qayıdışının simvolu oldu.
26 fevral 2024-cü ildə Xocalıda Soyqırımı Memorialının təməli qoyuldu. Bu, Xocalı zəfərinin yalnız hərbi deyil, həm də tarixi yaddaş baxımından təsdiqi idi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu tarix artıq işğal altındakı yox, azad Xocalıda qeyd olunurdu.
2024-cü ilin may ayından başlayaraq Xocalı şəhərində çoxmənzilli yaşayış binaları təmir olundu və sakinlərin qayıdışı başlandı.
05 iyul 2024 – Xocalı hava limanına baxış keçirildi.
2025-ci il ərzində:
enerji yarımstansiyası açıldı;
sənaye və kənd təsərrüfatı müəssisələri fəaliyyətə başladı;
Ballıca, Xanabad, Təzəbinə, Xanyurdu və digər kəndlərdə infrastruktur quruldu;
sakinlərlə görüşlər keçirildi və köç prosesi davam etdi.
Bu mərhələ Xocalının tam dirçəliş və iqtisadi inkişaf mərhələsinə keçdiyini göstərir.
Azərbaycanın suverenliyi tam bərpa edildi.
1992-ci ilin faciəsinə siyasi-mənəvi cavab verildi.
Xocalı şəhidlərinin ruhu qarşısında tarixi ədalət təmin olundu.
Qarabağda yeni inkişaf və məskunlaşma mərhələsi başladı.
Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz Xocalıya ədaləti döyüş meydanında təmin etdik.”
Xocalının zəfər tarixi 26 fevral 1992-ci il faciəsindən başlayaraq 20 sentyabr 2023-cü ildə suverenliyin tam bərpasına qədər uzanan uzun və çətin yolun nəticəsidir. Bu tarix Azərbaycan xalqının iradəsinin, ordusunun gücünün və dövlət rəhbərliyinin qətiyyətinin təntənəsidir.
Bu gün Xocalı artıq dağıdılmış şəhər deyil – o, azad, bərpa olunan və yenidən məskunlaşan Azərbaycan torpağıdır.