Afaq Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktor müavini
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir.
2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gündür. Bu tarix xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu. Prezident cənab İlham Əliyev bu münasibətlə demişdir ki, biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ağdam rayonuna getmişlər. Onlar Ağdam məscidini ziyarət etmişlər. Prezident Məkkədən gətirdiyi ‘’Qurani-Kərim’’i Ağdam məscidinə bağışlamışdır. Bu onu göstərir ki, biz təkcə torpaqlarımıza deyil, həm də dəyərlərimizə qayıtdıq. Onu da qeyd etməliyəm ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü müəyyən olub.