12-ci Zirvə Görüşü Türk dövlətləri arasında həm siyasi, həm də mənəvi birliyin növbəti təntənəsi oldu

7 oktyabr 2025-ci ildə Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu mötəbər toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadir Japarov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Macarıstan Baş naziri Viktor Orban iştirak ediblər. Zirvə görüşündə əsas müzakirə mövzuları regional sülh və təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat əlaqələrinin inkişafı, eləcə də türk dövlətləri arasında mədəni bağların möhkəmləndirilməsi olub.
7 oktyabr 2025-ci ildə Qəbələ şəhəri Türk dünyasının siyasi diqqət mərkəzinə çevrildi. Burada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dövlətləri arasında həm siyasi, həm də mənəvi birliyin növbəti təntənəsi oldu. Prezident İlham Əliyevin çıxışı bu birliyin gələcəyi, sülh və əməkdaşlığın dərinləşməsi baxımından mühüm mesajlar verdi.
Prezident qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzə çevrilib. Azərbaycan bu təşkilatın inkişafına hər zaman dəstək verir və Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Dövlət başçısı vurğuladı ki, ortaq tarix, dil və mənəvi dəyərlər türk xalqlarını bir ailə kimi birləşdirir və bu birliyin dünyada artan nüfuzu hər birimizi sevindirir.
İlham Əliyev çıxışında sülh və təhlükəsizlik məsələlərinin xüsusi əhəmiyyətini qeyd edərək bildirdi ki, bu iki amil olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini vurğuladı. O, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ildə aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Prezident bildirdi ki, bu nailiyyət təkcə Azərbaycanın deyil, bütün regionun sülh və ədalət uğrunda mübarizəsinin təntənəsidir. Vaşinqtonda paraflanmış sülh sazişi və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması Cənubi Qafqazda yeni bir sülh dövrünün başlanğıcı kimi qiymətləndirilir.
Çıxışda iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələri mövzusu da geniş yer aldı. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısı kimi türk dünyasının
iqtisadi inteqrasiyasına mühüm töhfə verir. Ölkəmiz coğrafi mövqeyi ilə Türkiyə və Mərkəzi Asiya arasında körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması bu əməkdaşlığın real nəticələrini göstərir.
Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu yeni nəqliyyat arteriyası həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutunun inkişafına böyük təkan verəcək. Eyni zamanda enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu da xüsusi vurğulanıb. Ölkəmiz 14 ölkəyə təbii qaz ixrac edir və bu sahədə etibarlı tərəfdaş kimi tanınır.
Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, Azərbaycan Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan mənbələrə böyük sərmayə yatırır və 2030-cu ilə qədər enerji istehsalının 40 faizini bu mənbələrdən təmin etməyi planlaşdırır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə iqtisadi layihələrin icrası da davam edir – bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyulub.
Çıxışın sonunda Prezident ortaq tarixi köklərimizin və dil birliyimizin bizi bir ailə kimi birləşdirdiyini vurğuladı. 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100 illiyinin gələn il Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif etdi. O, həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına göstərilən qardaş dəstəyinə görə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstana təşəkkürünü bildirdi.
Prezident İlham Əliyevin Qəbələdəki çıxışı bir daha göstərdi ki, Türk dünyası yalnız ortaq keçmişə deyil, həm də ortaq gələcəyə malikdir. Bu gələcəyin əsas dayağı isə sülh, qarşılıqlı hörmət, əməkdaşlıq və qardaşlıqdır.