Ərazi bütövlüyünün tam bərpasının – Şuşada son nöqtəsi, Xankəndində Zəfər nidası!
Dilşad Hacıyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı Tibb Mərkəzinin 3 nömrəli doğum evinin neonatoloqu
Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Dekabr ayının 31-də, yeni ilin başlanğıcına bir neçə dəqiqə qalmış Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində mühüm məqamlara toxundu, zəruri ismarıclar verdi. Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var.
44 günlük müharibədə qələbə qazanacaq yeni gerçəkliklər yaradan Qafqazın geostrateji arxitekturasına yenidən dizayn edən BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Bu xüsusda ən vacib məqam 2023-cü ilin Azərbaycanın Zəfər təqviminə dövlət suverenliyinin bərpası ili kimi həkk olunmasıdır. Bu, xalqımızın yaddaşında və dünyanın siyasi tarixində əbədi qalacaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”.
Hərbi təxribatlar və siyasi sabotajları davam etdirən Ermənistanın illeqal fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanda sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Zəfər marafonunun Laçın qələbəsi idi.
44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatması və 24 saatlıq lokal antiterror tədbirləri ilə ərazi bütövlüyünün tam bərpası – Şuşada son nöqtənin, Xankəndində isə Zəfər nidasının qoyulması müstəqillik zirvəsində suverenliyin bərqərar olunması ilə əlamətdardır.
Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi “2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir.”
Laçın-Xankəndi yolunda nəzarətin təmin edilməsi, ardınca əzəli və əbədi Qarabağımızda antiterror tədbirləri vasitəsilə konstitutsiya quruluşunun bərpası ilə geniş geosiyasi arenada, Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Bu postsovet məkanında separatizmin birdəfəlik məhvinə ilk dəfə məhz ölkəmizin ərazisində müvəffəq olunmasıdır. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz və separatçı rejim özünü buraxmalıdır. Ya Ermənistan ordusu bizim ərazimizdən çıxmalıdır, ya da biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik”.
Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirməlidir. Sentyabrın 19-da başlamış və cəmi 1 gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan ordusunun tam zəfəri ilə nəticələnmişdir. Separatçı rejim bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm- bu bəla bizim torpaqlarımızda bir daha baş qaldıra bilməz.
Prezident İlham Əliyevin bəhs olunan müraciəti zamanı Böyük Qayıdış məsələsinə də diqqəti cəlb etdi. Dövlət başçısı bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir”.
Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2020-ci ildə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaldaraq xalqımızın, dövlətimizin ən yüksək zirvələri fəth etdiyini bir daha bütün dünyaya nümayiş etdirib. 2023-cü ildə də bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirildi. Budur, bölgəyə həyat qayıdır. Qarabağa, Şərqi Zəngəzura yeni həyat bəxş edən, yeni nəfəs verən addımlar atılır.
Artıq 3 ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzü ağ yaşayırlar.