Yerli idarəetmədə yeni mərhələ: Bələdiyyələrdə işin təşkilində yeni rəqəmsal arxitekturanın rolu
İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkənin inkişaf strategiyasında rəqəmsal transformasiyanın həlledici rolunu bir daha nümayiş etdirdi. Dövlət başçısı vurğuladı ki, süni intellektin tətbiqi, müasir data mərkəzlərinin qurulması və genişmiqyaslı rəqəmsallaşma artıq sadəcə texnoloji yenilik deyil, dövlətlərin iqtisadi gücünü, idarəetmə keyfiyyətini və qlobal rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdəndir.
Müşavirədə qeyd olundu ki, Azərbaycan bu gün özünü bütün əsas enerji mənbələri ilə təmin edən və eyni zamanda bu resursları dünya bazarlarına ixrac edən nadir ölkələrdən biridir. Enerji potensialının artması yalnız iqtisadi sabitliyi gücləndirmir, həm də rəqəmsal infrastrukturun qurulması üçün zəruri maddi və texniki baza yaradır. Bu amil ölkənin yeni texnoloji mərhələyə keçidini sürətləndirən mühüm üstünlüklərdən biri kimi qiymətləndirilir.
Prezident İlham Əliyev çıxışında insan kapitalının inkişafını da əsas prioritet kimi qeyd etdi. İnformasiya texnologiyaları və süni intellekt sahəsində ixtisaslaşmış kadrların hazırlanması rəqəmsal transformasiyanın uğuru üçün həlledici şərt hesab olunur. Çünki müasir texnologiyalar yalnız peşəkar və innovativ düşüncəyə malik insan resursları ilə effektiv nəticə verə bilər.
Azərbaycanın əlverişli coğrafi mövqeyi də rəqəmsal inkişaf strategiyasının mühüm dayaqlarından biridir. Şərqlə Qərbin, eləcə də Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmiz regional logistika və informasiya axınlarının mühüm qovşağı rolunu oynayır. Transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsi və beynəlxalq maliyyə institutları ilə sıx əlaqələr isə texnoloji investisiyaların cəlb olunması üçün geniş imkanlar yaradır.
Rəqəmsal dövlət quruculuğu istiqamətində əsas hədəflərdən biri dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim edilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xidmətlərin “mygov” sistemi vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi şəffaflığın artırılmasına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə və bürokratik prosedurların minimuma endirilməsinə xidmət edir. Süni intellektin idarəetmədə tətbiqi isə qərarların daha operativ və dəqiq qəbul edilməsinə imkan verəcək.
Bu strateji kurs yalnız mərkəzi dövlət orqanlarını deyil, yerli özünüidarəetmə institutlarını da əhatə edir. Xüsusilə bələdiyyələrdə müasir texnologiyaların tətbiqi ölkədə vahid rəqəmsal idarəetmə modelinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə bələdiyyələrdə rəqəmsallaşma prosesi yerli idarəetmənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır. Elektron sənəd dövriyyəsi, onlayn müraciət sistemləri, rəqəmsal arxivlər və məlumat bazalarının yaradılması həm daxili idarəetməni optimallaşdırır, həm də vətəndaşlara xidmətin daha sürətli və rahat təşkil olunmasına imkan verir. Bu yeniliklər nəticəsində vətəndaşların vaxt itkisi azalır, prosedurlar sadələşir və xidmətlər daha əlçatan olur.
Bələdiyyələrdə rəqəmsallaşmanın əsas alətlərindən biri BAMS — Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemidir. Bu proqram yerli özünüidarəetmə orqanlarının fəaliyyətini vahid elektron platformada birləşdirərək maliyyə əməliyyatları, vergi uçotu, torpaq məlumatları və sənəd dövriyyəsinin avtomatlaşdırılmasını təmin edir. Məlumatların mərkəzləşdirilmiş şəkildə toplanması idarəetmədə dəqiqliyi artırır, nəzarət mexanizmlərini gücləndirir və şəffaflığı təmin edir. BAMS proqramı vasitəsilə bələdiyyə vergilərinin uçotu aparılır, ödənişlər elektron qaydada qeydə alınır və maliyyə hesabatları avtomatik şəkildə formalaşdırılır. Bu isə insan faktorundan irəli gələn səhvlərin qarşısını alır, maliyyə intizamını möhkəmləndirir və büdcə daxilolmalarının daha səmərəli idarə olunmasına şərait yaradır.
Eyni zamanda sistem vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini də yüksəldir. Elektron müraciətlərin qeydiyyatı, icra vəziyyətinin izlənməsi və nəticələrin operativ təqdim edilməsi yerli idarəetmədə şəffaflığın artmasına və ictimai etimadın möhkəmlənməsinə səbəb olur. Onlayn ödəniş imkanları isə vətəndaşlara bələdiyyə vergilərini və digər ödənişləri vaxt və məkan məhdudiyyəti olmadan həyata keçirməyə imkan verir.
Beləliklə, Azərbaycanın yeni rəqəmsal arxitekturası çərçivəsində bələdiyyələrdə müasir texnologiyaların tətbiqi yerli idarəetmənin modernləşdirilməsinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Bu proses dövlət xidmətlərinin vahid rəqəmsal platformalar üzərindən təqdim olunması konsepsiyasını tamamlayır, idarəetmədə şəffaflığı və operativliyi artırır, eyni zamanda vətəndaşlara daha keyfiyyətli və əlçatan xidmət göstərilməsinə şərait yaradır. Nəticə etibarilə, rəqəmsallaşma yerli səviyyədə dayanıqlı inkişafın və effektiv idarəetmənin mühüm təminatçısına çevrilir.