Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Tarixi Yol və Strateji Hədəflər

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: Tarixi Yol və Strateji Hədəflər
Qasım Qasımov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin direktoru
Müasir dövrdə Azərbaycan Respublikası regionun siyasi, iqtisadi və geosiyasi həyatında mühüm rol oynayan dövlətlərdən biri kimi çıxış edir. Son illərdə ölkənin əldə etdiyi uğurlar, xüsusilə ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası, yeni inkişaf mərhələsinin əsasını formalaşdırmışdır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, qarşıda duran strateji vəzifələrin və dövlətçilik konsepsiyasının mahiyyətini əks etdirən mühüm siyasi tezislər kimi qiymətləndirilə bilər. Azərbaycanın müasir siyasi tarixində ən mühüm hadisələrdən biri ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması olmuşdur.

2020-ci ildə Vətən müharibəsində qazanılmış qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş tədbirlər nəticəsində dövlət öz suveren hüquqlarını tam şəkildə bərpa etmişdir. Bununla da regionda yeni geosiyasi reallıqlar yaranmış, uzun illər davam edən münaqişə mərhələsi geridə qalmışdır. Azərbaycan bu prosesdə yalnız hərbi güc nümayiş etdirməmiş, eyni zamanda siyasi iradə, diplomatik çeviklik və milli birlik nümayiş etdirərək beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirmişdir. Qazanılmış uğurların əsas amillərindən biri ölkədə mövcud olan siyasi sabitlik və milli həmrəylik olmuşdur. Azərbaycanın müstəqillik tarixinin ilk illərində qarşılaşdığı mürəkkəb vəziyyət, siyasi qeyri-sabitlik, iqtisadi böhran və torpaq itkiləri dövlətçiliyin gələcəyini ciddi şəkildə təhlükə altına qoymuşdu.

Məhz belə bir şəraitdə formalaşan Yeni Azərbaycan Partiyası ölkənin siyasi sistemində mühüm rol oynamağa başlamış, sonrakı dövrlərdə dövlət quruculuğu prosesinin əsas siyasi dayaqlarından birinə çevrilmişdir. Partiyanın fəaliyyətinin mərkəzində dövlətçilik prinsipləri, milli maraqların qorunması və müstəqil inkişaf strategiyası dayanmışdır. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab edilir. Onun rəhbərliyi dövründə ölkədə siyasi sabitlik təmin edilmiş, iqtisadi islahatlar həyata keçirilmiş, xarici siyasətin əsas istiqamətləri müəyyənləşdirilmiş və müstəqil dövlətçiliyin möhkəm təməli yaradılmışdır.

Xüsusilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji strategiyasının əsasını təşkil etmiş və ölkəyə böyük həcmdə xarici investisiyaların cəlb edilməsinə şərait yaratmışdır. Bunun nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxaraq qlobal iqtisadi sistemə inteqrasiya olunmuşdur. Bu gün Azərbaycanın inkişaf modeli siyasi sabitlik, iqtisadi müstəqillik və güclü təhlükəsizlik siyasətinə əsaslanır. Dövlətin qarşısında duran əsas vəzifələrdən biri hərbi potensialın daha da gücləndirilməsidir. Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik amili dövlətlərin inkişafı üçün həlledici faktorlardan biri olaraq qalır. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr, beynəlxalq hüququn effektivliyinin azalması və geosiyasi rəqabətin artması fonunda Azərbaycan öz müdafiə qabiliyyətini daim inkişaf etdirməyi prioritet hesab edir. Bu siyasət yalnız hərbi sahəni deyil, eyni zamanda milli təhlükəsizliyin bütün istiqamətlərini əhatə edir.

Müasir dövrün çağırışları arasında ideoloji təhlükəsizlik də xüsusi əhəmiyyət kəsb edir. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin təsir gücünün artması və kiber təhlükələrin genişlənməsi yeni risklər yaratmışdır. Bu səbəbdən vətəndaşların maarifləndirilməsi, təhsil səviyyəsinin yüksəldilməsi və milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edilir. Güclü təhsil sistemi və yüksək vətənpərvərlik ruhu cəmiyyətin xarici təsirlərə qarşı dayanıqlığını artıran əsas amillər kimi qiymətləndirir. 

 

Paylaş