YAP yalnız siyasi təşkilat deyil, o həm də xalqın məsuliyyətini öz üzərinə götürmüş sosial məfhumdur

YAP yalnız siyasi təşkilat deyil,  o həm də xalqın məsuliyyətini öz üzərinə götürmüş sosial məfhumdur

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası

Suraxanı rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisədir. O, dövrün zərurətindən və cəmiyyətin aydın, ziyalı təbəqəsinin təşəbbüsü ilə yaradılmışdır. Doğma partiyamızın siyasi keçmişinə nəzər saldıqda görürük ki, Yeni Azərbaycan Partiyası tarixin məngənəsindən, taleyin sınağından üzüağ çıxmış  və milli məfhuma çevirilmişdir.

YAP-ı yaradanlar vaxtı ilə bu partiyanın və Ulu Öndər Heydər Əliyevin amalları, ideyaları uğrunda öz canlarını qurban verməyə hazır olan fədakarlar idilər. “91-lər”-in faəliyyətini yüksək qiymətlənləndirən ölkə Prezidenti, partiya sədri cənab İlham Əliyev onların cəsarətinin və qətiyyətinin sayəsində Yeni Azərbaycan Partiyasının  yarandığını ifadə etmişdir. Danılmaz həqiqətdir ki, o vaxtlar cəsarətli əqidə daşıyıçıları olmasa və Ulu Öndərin ətrafında birləşməsə idilər, bugün qüdrətli dövlətçiliyimiz də olmazdı.

Naxçıvanın, Azərbaycanın, hətta Sovetlər İttifaqının sabahının sual altında olduğu o günləri yaşamaq elə də asan deyildi. Boya-başa çatdığı doğma yurda qayıdan Ulu Öndər Heydər Əliyevin əlində xalqının sevgisindən və ciyinlərində isə bir millətin məsuliyyətindən başqa heç nəyi yox idi. Ümummilli lideri Bakıda isə öz qohumlarının evində belə qalmağa qoymurdular. Çünki Bakıya gəldiyini bilən sadə paytaxt sakinləri onunla görüşmək üçün bütün imkanlardan istifadə edirdilər. O vaxtı hakimiyyət öz qara işlərini ört-basdır etmək naminə əllərindən gələn yeganə iş Heydər Əliyevi uzaqlaşdırmaq idi. Lakin ədalətsizliyin, zülmün öz saydığı varsa, taleyin də öz gərdişi var idi. Heydər Əliyev kimi dahi şəxsiyyəti bu cür asanlıqla xalqından uzaqlaşdırmaq mümkün deyil idi.

Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, o həm də xalqın məsuliyyətini öz üzərinə götürmüş sosial məfhumdur. Onun yarandığı vaxtlar yaradıcıları hər cür təzyiqlərə məruz qalmışlar. İndi doğma partiyamızın hakimiyyəti illərində tikilmiş gözəl saraylarda konfranslar, tədbirlər keçirilir. Lakin YAP ilk yarandığı zamanlar Naxçıvanda onun Proqramı, Nizamanməsi və Əsasnaməsi şam işığında Ulu Öndər Heydər Əliyev tərəfindən sətir-sətir, bənd-bənd yazılırdı. Ən çətin anda bütün çatışmazlıqlara rəğmən Naxçıvanda, soyuq zalda Ulu Öndər Heydər Əliyevin nəfəsinə isinən milli maraqların müdafiəsi istiqamətində yaradılmış YAP cəmiyyətimizin bütün sferalarından olan insanları öz ətrafında birləşdirə bilmişdir.

Yeni Azərbaycan Partiyası ölkəmizdə demokratik ənənələrin birinci mühafizəçisi və cəmiyyətin sosial müdafiəçisidir. Əgər geriyə 30 illik siyasi həyatına baxsaq, ölkəmizin elə bir taleyüklü məsələsi yoxdur ki, YAP onun həllində fəal iştirak etməsin. Doğma partiyamız Azərbaycan dövlətçiliyinin ən güclü dəstəyidir. Dövlətimiz tərəfindən qərarlar cəmiyyətimizdə böyük nüfuza malik YAP vasitəsi ilə geniş müzakirə olunduqdan sonra qəbul edilirlər. Həyata keçirilən bütün layihələrdə biz YAP-ın imzasını görməkdəyik.

Yeni Azərbaycan Partiyası bugün nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Doğma partiyamız həm də siyasi partiyalarımızın lokomotividir. Ölkəmizin siyasi palitrasında mövcud olan əksər subyektlər milli maraqlar nöqteyi nəzərindən YAP-ı özlərinə istiqamətverici, yolgöstərici kimi  qəbul edirlər. YAP xalqımızın milli-mənəvi dəyərlərinin təmərküzləşməsidir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı bizim hər birimizin doğma evidir. YAP-ın 30 illik siyasi fəaliyyətində rayon təşkilatımızın da öz töhfələri vardır. Əslində 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin yeni siyasi partiya yaratdığını bilən zəhmətkeş Suraxanı camaatı onun ətrafında sıx birləşmək üçün bir araya gəlmiş və ilk partiya təşkilatları qeyri-rəsmi formalaşmağa başlamışdı. Hətta rayon təşkilatı qeydiyyatdan keçmək üçün müraciət etsə də, o zamankı hakimiyyət orqanları Suraxanı rayon təşkilatının yaradılmasına imkan verməmişlər. Lakin qədim Suraxanı və qədirbilən suraxanılılar Ulu Öndərin birinci hakimiyyəti illərində gördüyü işlərə yaxşı bələd idilər. Bilirdilər ki, ölkənin nicatı yalnız Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Nəhayət uzun və çətin siyasi mübarizədən sonra yalnız  Milli Qurtuluşdan sonra 11 sentyabr 1993-cü ildə yerli təşkilatımız qeydiyyata alınmışdır.

Yerli təşkilatımız bütün seçkilərdə, rayon və respublika miqyaslı mədəni-kütləvi tədbirlərdə hər zaman aktiv olmuşdur. YAP Suraxanı rayon təşkilatı ən vacib tapşırıqların ləyaqətlə yerinə yetirilməsində müstəsna xidmət göstərmişdir.

Yeni Azərbaycan Partiyasında həyata keçirilən islahatlardan sonra yenidən formalaşan YAP Suraxanı rayon təşkilatının aparatı son 1 il ərzində öz işini aşağıdakı sahələr üzrə qurmuşdur: İdeoloji, təşkilati, uçot, gənclərlə iş, gender bərabərliyi, sosial-humanitar, dövri mətbuatda və sosial şəbəkələrdə siyasi işin təşkili, vətənpərvərliyin təbliği və sair. Bütün sadalanan sahələr üzrə Mərkəzi Aparatın tapşırıq və tövsiyyələri sözsüz yerinə yetirilmişdir. Əldə etdiyimiz nəticələr işin effektivliyini nümayiş etdirir.

Son 1 il ərzində Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği məqsədi ilə ƏPT-lərdə 100-dək görüş keçirilmişdir. Yenidən formalaşdırılmış bütün ƏPT-lərdə ideoloji işin səmərəli təşkili nəticəsində 596 nəfər üzv sayımız artmış və yerlərdə rayon təşkilatının tapşırıqları uğurla icra olunmuşdur. İllik tədbirlər planında nəzərdə tutulmuş və gündəmə uyğun meydana çıxmış siyasi proseslərlə əlaqəli 35 tədbir keçirilmişdir. Bu tədbirlər sayəsində partiya üzvləri ilə daha yaxın və sıx münasibətlər qurulmuşdur.

Yeni Azərbaycan Partiyası həm də gənclərdən ibarət güclü kadr bazasına malikdir. Gənclərin partiyaya cəlb olunması işini təşkil etmək üçün YAP Suraxanı rayon təşkilatının formalaşdırdığı yeni sistemin tətbiqindən sonra son 1 ildə partiya sıralarına çoxlu sayda gənc cəlb edilmişdir. Həmin gənclər yerli təşkilatın həyata keçirdiyi tədbirlərdə yaxından fəal iştirak edir, dəyişən gündəmlə ayaqlaşaraq dövri mətbuatda fərdi yanaşmaları ilə çıxış edir, vətənpərvərlik və dövlətçilik mövzularında partiya tərəfindən sosial şəbəkələrdə təşkil olunan kampaniyalara qoşulurlar. Yaradılan sistem nəticəsində rayon gəncləri ilə ideoloji iş daha səmərəli formada həyata keçirilməkdədir.

Cəmiyyətin qlobal problemlərindən biri olan gender bərabərliyinin təmin olunması YAP-ın xüsusi yanaşdığı sahələrdən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP sədrinin birinci müavini çox hörmətli Mehriban xanım Əliyevanın partiyada fəaliyyəti, cəmiyyətdə böyük hörməti doğma partiyamıza da böyük nüfuz qazandırmaqdadır. İndi YAP sıralarına qoşulan hər bir gənc qızımız özünə etalon kimi Mehriban xanım Əliyevanı seçir, onun kimi cəmiyyət və ailə dəyərlərinə layiq olmağa çalışır. Bizlər də həyata keçirdiyimiz bütün tədbirlərdə cəmiyyətimizin aparıcı qüvvəsi olan qadınlara xüsusi yanaşırıq. Onlar tədbirlərimizin nəinki iştirakçıları, eyni zamanda da tədbirlərimizin təşkilatçısı qismində yaxından iştirak edirlər.

Sosial-humanitar tədbirlər Yeni Azərbaycan Partiyasının əsas fəaliyyət sahələrindəndir. Günümüzün aktual məsələsi olan şəhid ailələrinə, qazilər və aztəminatlı ailələrə yardım göstərilməsi, onların fərdi və sosial problemlərinin öz həllini tapması istiqamətində yerli təşkilatımız tərəfindən əməli işlər görülməkdədir. Xüsusi qeyd etmək istərdik ki, Suraxanı rayonunda yerli icra hakimiyyəti orqanı ilə birgə Vətən Müharibəsi şəhidlərinə, qazilərinə ümumiyyətlə, Vətən Müharibəsinə həsr olunmuş bütün tədbirlərdə YAP Suraxanı rayon təşkilatı fəal iştirak edir. Bir çox təşəbbüsləri isə təkbaşına həyata keçirir. Təşkilatımız tərəfindən həssas təbəqə hesab olunan şəhid ailələri və qazilərlə aparılan işin nəticəsi olaraq, onlara tərəfimizdən edilmiş təklif əsasında rayon sakinləri olan əksər şəhid ailələrinin  üzvləri və qazilər partiyaya üzv olmaq üçün könüllü müraciət etmişlər.

Nəzərə alsaq ki, bu gün siyasi mübarizə dövri mətbuatda və sosial şəbəkələrdə çox güclü getməkdədir. Məlumdur ki, ölkə gündəmi tez-tez dəyişir. Cənab Prezidentin xarici və daxili səfərləri, həyata keçirilən islahatlar, qəbul edilmiş qərarlar Suraxanı rayon ictimaiyyətinə, YAP-ın təəssübkeşlərinə və üzvlərinə operativ şəkildə çatdırılmaqdadır. Yerli təşkilatın istiqaməti ilə təəssübkeşlərin və partiya üzvlərinin şəxsi təşəbbüsləri ilə hər bir həyata keçirilən islahat, qəbul olunmuş qərar, Prezidentin daxili və xarici səfərləri ilə bağlı hər mövzuya uyğun olaraq üzvlərimiz tərəfindən müəllif məqalələri yazılır və ölkənin dövri mətbuatında çap olunur. Ötən bir il ərzində üzvlərimiz tərəfindən yazılmış 800-dən artıq müəllif məqalələri təşkilatımızın rəsmi saytında dərc edilmişdir. Onu da qeyd edək ki, təşkilatımızın yapsuraxani.org.az saytı ötən ilin 1 oktyabr tarixindən fəaliyyət göstərməkdədir.

Eyni zamanda sosial şəbəkələrdə həyata keçirilən islahat, qəbul olunmuş qərar, Prezidentin daxili və xarici səfərləri üzvlərimiz tərəfindən şəkillər və başlıqlarla hamılıqla paylaşılır və kütləvilik təmin olunur. Bütün bu məlumatlar günlük, həftəlik və aylıq hesabatlar şəkilində Mərkəzi Aparata göndərilir. Xüsusi qeyd edilməlidir ki, Suraxanı rayonu göstəricilərinə görə dəfələrlə “əla” qiymətlə dəyərləndirilmişdir. Nümunəvi yerli təşkilat kimi göstərilmişdir. Dövri mətbuatda və sosial şəbəkələrdə siyasi işin təşkilinin nəticəsi kimi deyə bilərik ki, rayonda üzvlərimiz arasında siyasi aktivliyə nail olunmuşdur.

Vətənpərvərliyin təbliği cəmiyyətin mərkəzi mövqeyə malik partiyası olan YAP-ın daim diqqət mərkəzində saxladığı amillərdəndir. Məhz bu səbəbdən Vətən Müharibəsindən əvvəl və sonra gənclər və yeniyetmələr arasında vətənpərvərliyin təbliği, şəhidlərin tanıdılması, onlarla bağlı təqdimatların keçirilməsi, şəhid ailələrinə ziyarətlərin təşkilinə rayon ictimaiyyətinin cəlb olunması nəticəsində deyə bilərik ki, rayonun ictimai mühitinə müsbət mənada öz təsirimizi göstərə bilmişik.

Ulu Öndərin Milli Qurtuluşumuzu gerçəkləşdirdiyi dövrdə yaranmış vəziyyət əslində bu gün də var. Yenə dövlətimizə, xalqımıza qarşı hücumlar, həyata keçirdiyimiz müstəqil siyasətimizə qarşı müdaxilə etmək cəhdləri və dövlətçiliyimizi şübhə altına almaq arzuları bu gün də mövcuddur. Ağır siyasi müdaxilələrdən uğurla keçmək isə elə də asan deyildir. Bizim hər birimiz cəmiyyətimizə faydalı və müəyyən sahələr üzrə məsul şəxslərik. Adi məsələlər haqqında qərar vermək, ətrafımızda olan 5-10 nəfərin məsuliyyətini daşımağın necə ağır və taleyüklü olduğunu yaxşı dərk edirik. Hər bir vətəndaş, həmçinin YAP üzvü Ölkə başçısı, YAP sədri cənab İlham Əliyevin işinin ağırlığı, məsuliyyətinin çoxluğunu dərindən və qəlbən dərk etməlidir. Bəzən çətin qərarları qəbul etmək aylarımızı, illərimizi alır. Cənab Prezident isə nəinki doğru qərarlar verir, o eyni zamanda da operativ qərarlar verməklə xoşbəxt gələcəyimizi təmin edir.

Neoklassik realizmin görkəmli nümayəndələrindən biri olan Zəkariyya Farid öz elmi əsərlərinin birində qeyd edir ki, ölkənin beynəlxalq aləmdə nüfuzuna təsir edən amillərin əsasında lider faktoru dayanır. Xüsusilə də Şərqi Avropa, Cənubi Qafqaz və Yaxın Şərq regionlarının dünyada təmsil olunmağına, beynəlxalq nüfuzuna baxdığımız zaman güclü liderlərin güclü dövlətçiliyə təsirini görürük.

Ulu Öndər Heydər Əliyevdən sonra adını dünya tarixinə, müzəffər, qurucu, qalib, diplomat, baş komandan kimi titullarla yazan cənab Prezident İlham Əliyev həm də Yeni Azərbaycan Partiyasının sədridir. Partiymazın VII Qurultayında ölkə rəhbəri, partiya sədri cənab İlham Əliyev tərəfindən kimi yüzminlərlə üzvlərimiz qarşısında müasir dünya çağırışlarına uyğun yeni hədəflər qoymuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyevin irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dilinin saflığının qorunması və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış iqtidar partiyası olan YAP yeni yol xəritəsini müəyyən edən əsas istiqamətlərdir.

İki yüz illik erməni xəstə xislətinə qalib gələn və ilk dəfə itirilmiş torpaqları geriyə qaytaran cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımız bundan sonra da böyük uğurlara imza atacaqdır. Sonda fikirlərimi Yeni Azərbaycan Partiyasının qurucusu, ölkəmizin xilaskarı Ulu Öndər Heydər Əliyevin bir sözü ilə bitirmək istərdim. YAP dünənin, bugünün və sabahın partiyasıdır. Bu gün sıralarımızda öz babalarının, atalarının yerinə xidmət edən gəncləri gördüyümüz zaman bu sözlərin aksioma olduğunu bir daha özüm üçün təsdiqləyirəm.

Hər birinizi təbrik edir, doğma partiyamıza bundan sonra da uğurlar arzulayıram.