YAP və yeni tarixi reallıqlar 

YAP və yeni tarixi reallıqlar 

İxtiyar Nəcəfov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayonu, Qaraçuxur Bələdiyyəsini sədri

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirildi.  Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyərək bir sıra əhəmiyyətli məsələlərə toxundu: "Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var".

Ölkə başçısının sözlərinə görə, YAP-ın VIII qurultayı yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir: "İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi".

Qurultayda ən mühüm mesajlardan biri təhlükəsizlik məsələsinə yanaşma oldu. Ərazi bütövlüyünün və suverenliyin bərpası heç də təhlükəsizlik məsələsinin gündəmdən çıxması demək deyil. Əksinə, yeni geosiyasi şərait Azərbaycanın müdafiə imkanlarının daim gücləndirilməsini, hərbi potensialın müasir tələblərə uyğun inkişaf etdirilməsini zəruri edir. Prezident İlham Əliyevin çıxışında hərbi gücün artırılması, təhlükəsizlik tədbirləri və ideoloji təhlükəsizlik məsələlərinin önə çəkilməsi də bu baxımdan təsadüfi deyil. Müasir dövrdə təhlükəsizlik anlayışının özü də əvvəlki məzmunundan xeyli genişlənib. Artıq yalnız sərhədlərin və ərazilərin qorunması kifayət etmir.

İnformasiya məkanı, ictimai şüur, milli-mənəvi dəyərlər, gənclərin dünyagörüşü və cəmiyyətin informasiya təsirlərinə qarşı dayanıqlılığı da dövlət təhlükəsizliyinin mühüm elementlərinə çevrilib. Bu səbəbdən YAP qarşısında ideoloji işin yeni üsullarla qurulması xüsusi əhəmiyyət kəsb edir. Məhz burada VIII Qurultayın partiyanın öz fəaliyyətinə yönəlmiş mühüm çağırışlarından biri meydana çıxır: yeni dövr köhnə yanaşmalarla idarə oluna bilməz. Cəmiyyət dəyişir, informasiya mühiti dəyişir, insanların siyasi proseslərə münasibəti dəyişir. Deməli, siyasi təşkilatın cəmiyyətlə ünsiyyət vasitələri də zamanın tələbinə uyğun yenilənməlidir. Qurultayda formal xarakter daşıyan tədbirlərdən və şablon yanaşmalardan uzaqlaşmağın, ideoloji işin daha müasir və təsirli üsullarla aparılmasının vacibliyinin vurğulanması məhz bu baxımdan diqqət çəkir.

Azərbaycanın qarşısında artıq keçmişin problemlərini həll etməkdən daha çox, əldə edilmiş nəticələri qorumaq və onları gələcəyin dayanıqlı inkişaf modelinə çevirmək vəzifəsi dayanır. Bu yolun siyasi dayaqlarından biri isə yarandığı gündən dövlətçilik ideyasını fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirən Yeni Azərbaycan Partiyasıdır. Birmənalı şəkildə bu belədir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi irsin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlara uyğun davam etdirilməsi fonunda VIII Qurultay həm keçilən yolun qiymətləndirilməsi, həm də qarşıdakı mərhələnin siyasi konturlarının müəyyənləşdirilməsi baxımından əlamətdar hadisədir. Qarşıda daha böyük məqsədlər, daha mürəkkəb çağırışlar və daha geniş imkanlar var. Bu mərhələdə əsas məsələ Azərbaycanın qazandığı tarixi nəticələri qorumaq, dövlətçilik və milli həmrəylik dayaqlarını daha da möhkəmləndirmək və Zəfərdən doğan yeni imkanları ölkənin davamlı inkişafına yönəltməkdir.

YAP-ın VIII Qurultayı həm partiyanın Cənubi Qafqazın aparıcı siyasi qüvvəsi olduğunu bir daha nümayiş etdirmiş, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti onilliklər üçün inkişaf və təhlükəsizlik xəritəsini cızıb. Bu gün Azərbaycanın qarşısında duran əsas məqsəd əldə olunmuş tarixi Zəfəri dayanıqlı inkişaf, güclü dövlətçilik, milli həmrəylik və sosial rifahla daha da möhkəmləndirməkdir.

VIII Qurultayda səslənən fikirlər də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Zəfərlə yazdığı yeni tarix artıq quruculuq, inkişaf, sülh və tərəqqi mərhələsi ilə davam edir.

Yaşasın Azərbaycan!
Yaşasın Cənab Prezident İlham Əliyev!
Yaşasın Yeni Azərbaycan Partiyası! 


İxdiyar Nəcəfov,
Qaraçuxur bələdiyyəsinin sədri.

Paylaş