YAP və AK Parti arasında növbəti videokonfrans keçiriləcək
Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında videokonfrans keçiriləcək.
Bu barədə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Vətən müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada məlumat verib.
Tahir Budaqov bildirib ki, videokonfransın müzakirə mövzusu Vətən müharibəsində əldə edilən qələbə və bölgədə yaranan yeni reallıqlardır. O, dəyirmi masada iştirak edən siyasi partiyaların rəhbərlərini həmin tədbirdə iştirak etməyə dəvət edib.
YAP Sədrinin müavini həmçinin qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbədən sonra Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb: “Artıq YAP Gənclər Birliyinin nümayəndələri Qazaxıstanda səfərdə olublar. Ukrayna və Özbəkistanın siyasi partiyalarının da əməkdaşlıq təklifləri var. Çin Kommunist Partiyası da diplomatik kanallar vasitəsilə bizimlə videokonfrans formatında görüşmək istəyir. Bu görüşün mövzusu ilə bağlı müzakirələr olacaq”.
Tahir Budaqov vurğulayıb ki, türk dövlətlərinin siyasi partiyaları ilə ikitərəfli əlaqələrin formalaşması istiqamətində də mühüm addımlar atılacaq.