YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Ruslan Rəcəbovun oğlu Osmanın doğum günündə iştirak ediblər
Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbiçisi, Suraxanı rayon sakini olmuş və cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Qarabağ” ordeni,“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş miçman Rəcəbov Ruslan Rəcəb oğlunun övladı Osmanın 7 yaşı tamam olur. Bu münasibət Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov və rayon təşkilatının nümayəndələri ailəni ziyarət edərək, şəhidin övladını təbrik etmiş, doğum gününü qeyd edən balamıza hədiyyələr təqdim olunmuş, şəhid ailəsinin qayğıları ilə maraqlanılmışlar.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Möhtərəm İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın sosial yönümlü, vətəndaş mərkəzli siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, rayonumuzda bu sahədə ciddi iş aparılmaqdadır. İstər Vətən müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda, öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarmışdır. Vüqar Seyidov əlavə etmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.
Sonda şəhidin ailəsi Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.