Müasir Azərbaycanın 3 Oktyabr 1993-cü il Dönüşü

Müasir Azərbaycanın 3 Oktyabr 1993-cü il Dönüşü

Aidə Eyvazova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, 76 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini

Tarixin elə dönüş nöqtələri var ki, onlar sadəcə bir təqvimin vərəqi deyil, bütöv bir millətin taleyini tənəzzüldən nicata, xaosdan tərəqqiyə doğru dəyişən milad günüdür. Azərbaycan xalqı üçün belə müqəddəs və taleyüklü tarixlərdən ən mühümü 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Prezident seçilməsi müasir Azərbaycan Respublikasının dövlətçilik xronikasında yeni bir eranın başlanğıcı oldu.

90-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş, daxili çəkişmələr, siyasi xaos və iqtisadi böhran məngənəsində sıxılan bir ölkənin dövlət müstəqilliyinin dönməzliyi və sarsılmazlığı prinsipləri məhz Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti və sarsılmaz iradəsi sayəsində xarici siyasətin dəyişməz xəttinə çevrildi. 3 oktyabr seçkiləri ilə Azərbaycan xalqı öz gələcəyinə, milli idarəetmə təcrübəsinə və qətiyyətli Liderinə səs verdi. Bu səs, əslində, müstəqil Azərbaycanın davamlı inkişafını, ərazi bütövlüyünün və suverenliyinin möhkəmlənməsini təmin edən sarsılmaz təməllərin qoyulması demək idi.

Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük mənəvi sərvətlərdən biri, şübhəsiz ki, azərbaycançılıq ideologiyasıdır. Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq məfkurəsi bu gün də ölkədə yaşayan bütün vətəndaşları, habelə dünya azərbaycanlılarını vahid dövlətçilik məqsədləri ətrafında birləşdirən milli ideologiyanın özəyini təşkil edir. Dövlət rəmzlərinə – bayrağa, himnə və gerbə ehtiram, Azərbaycan dilinin, kültürünün və adət-ənənələrinin qorunub yaşadılması məhz o tarixi dönüşdən sonra dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Çünki yaxşı məlum idi ki, hər bir vətəndaşın qəlbində dövlətçilik hissiyatının və milli qürurun formalaşdırılması müstəqilliyimizin əbədiliyini təmin edən əsas amildir.

3 oktyabrın gətirdiyi siyasi sabitlik daxili inkişafla bərabər, Azərbaycanı beynəlxalq müstəvidə də tamamilə yeni bir pilləyə qaldırdı. Ümummilli Liderin dünya miqyaslı siyasi peşəkarlığı və balanslaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan qısa müddətdə beynəlxalq aləmdə təcriddən çıxaraq nüfuzlu bir dövlət kimi tanındı. Beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və regional sülhün bərqərar olunması istiqamətində ardıcıl, cəsarətli addımlar atıldı. Ümummilli Liderin bəyan etdiyi kimi, "Azərbaycan sülhpərvər ölkədir və dünya birliyində özünəməxsus layiq yer tutur."

Bu gün geriyə boylanıb baxanda 3 oktyabr 1993-cü il tarixinin böyüklüyünü və fəlsəfəsini daha dərindən dərk edirik. Modernləşən, güclənən və dünyada öz sözünü deyən müstəqil Azərbaycan dövləti, bütövləşmiş və suverenliyini tam bərpa etmiş rəşadətli Vətənimiz Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin və zəngin dövlətçilik irsinin parlaq təzahürüdür. 3 oktyabr sadəcə bir seçki günü deyil, milli qürurumuzun dirçəldiyi, dövlətimizin əbədi yaşamaq hüququnu qazandığı müqəddəs bir başlanğıcdır.

 

Paylaş