20 Sentyabr: Zəfərin və Quruculuğun Əbədi Rəmzi

20 Sentyabr: Zəfərin və Quruculuğun Əbədi Rəmzi

Raul Məmmədzadə

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Suraxanı Rayonu, Hövsan Bələdiyyəsinin əməkdaşı

Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan hər bir hadisə xalqın milli iradəsinin və dövlətin sarsılmaz gücünün göstəricisidir. Prezident İlham Əliyev xalqa verdiyi tarixi vədi xatırladaraq qeyd etmişdir ki, 20 il əvvəl dövlət başçısı kimi fəaliyyətə başlayarkən qarşısına qoyduğu bir nömrəli vəzifə Azərbaycan Bayrağının işğal altında olan bütün ərazilərdə ucaldılması idi. Bu müqəddəs vədin tam reallaşması dövlət siyasətinin ardıcıllığını, siyasi iradənin möhkəmliyini və milli məqsədlərin mərhələli şəkildə, qətiyyətlə həyata keçirildiyini bütün dünyaya nümayiş etdirdi.

Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasından sonra şəhərdə start verilən genişmiqyaslı işlər xüsusi diqqət çəkir. Azərbaycan xalqı 30 ildən artıq bir müddətdə böyük həsrət və ümidlə bu günü gözlədi. Bu gün artıq həmin ərazilərdə şanlı bayrağımız qürurla dalğalanır, dövlət qurumları tam gücü ilə fəaliyyət göstərir. Ən əsası isə insanlarımız öz doğma yurdlarına qayıdır, uşaqlar yenidən məktəbə gedir, tələbələr doğma Qarabağda universitet təhsili alır.

Yeni müəssisələrin yaradılması ilə həyat öz normal, dinc axarına qayıdır. Bu mənzərə sadəcə tarixi ədalətin bərpası deyil, həm də dövlət suverenliyinin praktik və möhtəşəm nəticəsidir. Bu, Azərbaycanın güclü dövlət kimi öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirməsinin ən parlaq nümunəsidir.  Xocalı, Xankəndi, Xocavənd və Ağdərə Şəhərləri Gününün məhz 20 Sentyabr tarixində qeyd olunması bu tarixi proseslərin gələcək nəsillərin yaddaşına həkk olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təqvim Azərbaycan xalqının yaddaşında həm sarsılmaz Zəfərin, həm doğma yurda qayıdışın, həm də irimiqyaslı quruculuğun rəmzi kimi əbədi yaşayacaqdır. 

Bu gün Azərbaycanın qarşısında duran ən ümdə vəzifə əldə edilmiş bu tarixi nailiyyətləri göz bəbəyi kimi qorumaqdır. Azad edilmiş ərazilərdə dayanıqlı inkişafı təmin etmək, Böyük Qayıdış prosesini uğurla davam etdirmək və Qarabağı sülhün, təhlükəsizliyin, ümumi rifahın və beynəlxalq əməkdaşlığın yeni mərkəzinə çevirmək dövlətimizin və xalqımızın ən böyük hədəfidir. 

Paylaş