YAP Suraxanı Rayon Təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı Rayon Təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
23 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı Rayon Təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş görüşlərini uğurla davam etdirib. Növbəti tədbir Zığ qəsəbəsi, Zığ küçəsi 102 ünvanında yerləşən (315 nömrəli tam orta ümumtəhsil məktəbi) ərazi partiya təşkilatında keçirilib.
Görüşdə YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, 315 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, YAP Suraxanı Rayon Təşkilatının fəal üzvü Gülnar Nəsrullayeva, ərazi partiya təşkilatının sədri, məktəbin direktor müavini Leyli Rüstəmova, şəhid atası Uğur İslamlı və ərazi partiya təşkilatında fəaliyyət göstərən YAP fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnar Nəsrullayeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışı ölkəmizin gələcək inkişaf istiqamətlərini, dövlətçilik prinsiplərini və qarşıda duran mühüm vəzifələri aydın şəkildə ifadə edir.
Ərazi partiya təşkilatının sədri, məktəbin direktor müavini Leyli Rüstəmova çıxışında qeyd edib ki, cənab Prezidentin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də təhsilin və vətənpərvərliyin ideoloji təhlükəsizliyin təmin olunmasında mühüm roludur. Çünki savadlı, milli-mənəvi dəyərlərə bağlı və müstəqil düşüncəli gənclik dövlətimizin ən böyük sərvətidir.
Şəhid atası Uğur İslamlı çıxış edərək bildirib ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmiş güclü dövlətdir. Bu tarixi nailiyyətlər xalqımızın birliyi, milli həmrəyliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində əldə olunub. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev geniş nitqlə çıxış edərək bildirib ki, müasir dövrdə informasiya məkanında yayılan yanlış məlumatlar və ideoloji təxribatlar qarşısında gənclərimizin düzgün düşünmək, məlumatları təhlil etmək və həqiqəti yalandan ayırmaq bacarığının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Müəllim yalnız bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdıran, gələcəyin qurucularını yetişdirən insandır.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri, eləcə də Böyük Qayıdış prosesi xalqımızın iradəsinin və dövlətimizin gücünün bariz nümunəsidir. Biz bu tarixi həqiqətləri gənc nəslə çatdırmalı, onlarda sülhə, quruculuğa, əməyə və Vətənə xidmətə hörmət hissini gücləndirməliyik.
Görüşdə çıxış edən digər fəallar da Yeni Azərbaycan Partiyasının bu gün sadəcə siyasi arenada fəaliyyət göstərən bir qurum olmadığını, onun müstəqil dövlətçiliyimizin dünənini, bu gününü və gələcək hədəflərini özündə birləşdirən ümummilli məfkurəyə çevrildiyini diqqətə çatdırıblar.

Paylaş