YAP Suraxanı rayon təşkilatında Şəhid Ruhid İslamlının doğum günü münasibəti ilə valideynləri ilə görüş keçirilmişdir
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etmişdir ki, YAP öz ətrafında ən ləyaqətli, savadlı və vətənpərvər gəncləri toplaya bilmişdir. Şəhid Ruhid İslamlı da məhz belə ləyaqətli, əqidəli və vətənpərvər gənclərdəndir. Vüqar Seyidov xüsusi olaraq vurğulamışdır ki, Ruhid İslamlı şəhadətinə qədər çox mənalı, faydalı və səmərəli gənc ömrü yaşamışdır. Onun həyat yolunun bütün gənclərə örnək olduğunu vurğulayan yerli təşkilatın sədri dedi ki, Yeni Azərbaycan Partiyası Ruhid kimi gənc üzvləri ilə qürur duyur. Vüqar Seyidov YAP Suraxanı Rayon Təşkilatı tərəfindən Şəhid Ruhid İslamlıya həsr olunmuş və "2 fevral - Gənclər günü"ndə ictimaiyyətə təqdim olunmuş "Dəmir Əqidəli Gənc" sənədli filminin video diskini Şəhid ailəsinə böyük ehtiramla təqdim etmişdir.
Qeyd edək ki, şəhid İslamlı Ruhid Uğur oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "III dərəcəli Vətənə xidmətə görə" orden, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin valideynləri Uğur İslamlov, Təranə İslamova cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.