YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

19 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirir.

Növbəti tədbir Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, 25 A ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (Zığ Bələdiyyəsi) keçirilib. Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, ƏPT-nin və Zığ Bələdiyyəsinin sədri Arzu Aslanova, şəhid Ruhid İslamlının atası, Zığ qəsəbə sakini Uğur İslamlı və yerli partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Arzu Aslanova vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin müasir siyasi tarixində tamamilə yeni bir mərhələnin başlanğıcıdır. O, Heydər Əliyev Mərkəzində keçirilən bu tarixi toplantının, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa edilməsindən sonra reallaşan ilk YAP qurultayı olması baxımından müstəsna siyasi və rəmzi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən şəhid atası Uğur İslamlı dövlət başçısının qurultay platformasındakı nitqində şəhidlərin xatirəsinə göstərdiyi yüksək ehtiramın və tarixi Qələbəyə dair fundamental fikirlərinin bütün şəhid ailələri tərəfindən böyük qürur hissi ilə qarşılandığını və tam dəstəkləndiyini ifadə edib.

Görüşdə çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev qurultayda qarşıya qoyulan yeni hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Ənvər Haqverdiyev qeyd edib ki, partiyanın ali məclisi ölkənin "bərpa və müdafiə" mərhələsindən "mütləq müstəqillik və qlobal güclənmə" dövrünə keçidinin strateji yol xəritəsini müəyyən edib.

Xarici borcun ÜDM-in minimal səviyyəsinə endirilməsi və valyuta ehtiyatlarının 90 milyard dollara çatdırılması kimi iqtisadi suverenlik göstəricilərini təsbit edən bu qurultay, gələcək milli həmrəylik modelinin əsasını Zəfərin qorunması, ideoloji təhlükəsizlik və Böyük Qayıdışın sürətləndirilməsi prinsipləri üzərində qurub. Bu tədbir Cənubi Qafqazın ən böyük siyasi təşkilatının postmünaqişə dövrünün çağırışlarına tam adaptasiya olunduğunu nümayiş etdirir.

Tədbirin yekununda çıxış edən partiya fəalları yeganə hədəfin müstəqil, suveren və güclü Azərbaycanın işıqlı gələcəyi olduğunu xatırladıblar. Bildirilib ki, rayon ictimaiyyəti, partiya fəalları və şəhid ailələri bu günə qədər olduğu kimi, bundan sonra da Yeni Azərbaycan Partiyasının və onun rəhbəri cənab İlham Əliyevin ətrafında "Dəmir yumruq" kimi sıx birləşərək dövlətçilik xəttini qətiyyətlə dəstəkləyəcəklər.

Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Paylaş