YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir

20 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirib. Növbəti tədbir Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi 49 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (281 nömrəli tam orta ümumtəhsil məktəbində) keçirilib.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, sözügedən Ərazi Partiya Təşkilatının (ƏPT) sədri, məktəbin direktoru Dadaş Əliyev, eləcə də Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 36 ünvanında yerləşən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin ərazi partiya təşkilatının fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ƏPT sədri Dadaş Əliyev çıxış edərək bildirib ki, Prezidentin gənclərin milli ruhda tərbiyəsi ilə bağlı tapşırığı sadəcə bir tövsiyə deyil. Bu, qloballaşmanın gətirdiyi yad dəyərlərə qarşı ölkənin gələcəyini milli ruhda tərbiyə etmək hədəfidir.

YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. Salman Əbdülov vurğulayıb ki, bu gün Azərbaycan artıq daxili problemlərini həll etmiş, regionun şərtlərini diktə edən tərəfdir. Görüşlərin əsas ana xətti odur ki, partiya fəalları əldə olunan bu tarixi status-kvonun iqtisadi və sosial faydalarını cəmiyyətin hər bir üzvünə çatdırmaqda lokomotiv rolunu oynamalıdırlar.

Görüşdə çıxış edənlər YAP-ın artıq sadəcə bir siyasi təşkilat olmadığını, müstəqil Azərbaycanın keçmişi, bu günü və gələcəyi ilə bütövləşmiş ümummilli bir hərəkata çevrildiyini qeyd ediblər.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Paylaş