YAP Suraxanı rayon təşkilatının fəal üzvü Cəbi Quliyev Fəxri Fərmanla təltif edilib
27 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov təşkilatın inzibati binasında YAP Gənclər Birliyinin üzvü, "Suraxanı Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin direktoru Cəbi Quliyevlə görüşüb. Görüşdə partiyaya ləyaqətlə və səmərəli xidmət etmiş Cəbi Hüseyn oğlu Quliyev Fəxri Fərmanla təltif olunub.
O, bu mükafata rayonun ictimai-siyasi həyatında fəal iştirakına, rayonda Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirilməsindəki səmərəli fəaliyyətinə və gənclərin YAP sıralarına cəlb olunmasındakı xidmətlərinə görə layiq görülüb.
Təşkilat sədri Vüqar Seyidov bildirib ki, Cəbi Quliyevin gənc yaşlarından üzv olduğu və siyasi xəttinə hər zaman sadiq qaldığı Yeni Azərbaycan Partiyasındakı fəaliyyəti özündən sonra gələn nəsillər üçün əsl vətəndaşlıq nümunəsidir. O, doğma partiyaya sədaqətlə xidmət edərək partiyanın gənclər siyasətinə əvəzsiz töhfələr verib və gənclərin YAP ətrafında sıx birləşməsinə şərait yaradıb.
Vüqar Seyidov onu da qeyd edib ki, Cəbi Quliyev dövlətin, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və Prezident, YAP-ın sədri İlham Əliyevin haqlı siyasətinin gənclər arasında təbliğində hər zaman fəallıq nümayiş etdirib.
Göstərilən diqqət və qayğıya görə YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova dərin minnətdarlığını bildirən Cəbi Quliyev, bundan sonra da dövlətə, dövlətçiliyə və partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəyini vurğulayıb.