Bölgələrdə sənaye parkları aktiv fəaliyyət göstərir
Kərəm Mehdiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 104 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Bu il sentyabr ayının 22–də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə dövlət başçımız bu sahənin Azərbaycanın iqtisadiyyatı üçün, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli bir mövqedə durduğunu vurğulamışdır.
Prezident qeyd etmişdir ki, ölkəmizin təbii resurslarının işlənməsi və bunlardan səmərəli istifadə olunması, istehsal zəncirinin yaradilması sayəsində dövlətimizin iqtisadi vəziyyəti gücləndiriləcək, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər həyata keçiriləcəkdir. Dövlət Proqramının iki istiqamət üzrə həyata keçiriləcəyi diqqətə çatdırılmışdır.
Birinci istiqamət odur ki, “AzərGold”şirkəti bir çox məsələləri dövlət xətti ilə həll edəcəkdir. İkinci istiqamətdə isə işləri özəl sektorlar həyata keçirəcəkdir. Bu sahə hər zaman özəl sektorlar üçün açıqdır və dövlətimiz geoloji kəşfiyyat işlərinin xarici tərəfdaşlar tərəfindən aparılmasını məqsədəuyğun görür . Bu yaxınlarada Qərb Sənaye Parkının yaradılması heç də təsadüfi deyildir. Sənaye parkları bir çox bölgələrdə fəaliyyət göstərir. Bu parkların və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla əlavə dəyər yaradılaraq Azərbaycanın ixrac potensialı gücləndirilmişdir.
Son 20 il ərzində öz imkanlarımız sayəsində atdığımız hər uğurlu addıma görə biz bu gün ölkəmiz üçün elektrik enerjisini, yanacaq, təbii qaz, yəni bütün əsas enerji təhlükəsizliyini təmin etmişik. Bu gün Azərbaycanın dünya arenasında həm rolu, həm də nüfuzu artır. Hətta bütün dünya şahiddir ki, Azərbaycan iqtisadi cəhətdən necə bir güclü dövlətə çevrilmişdir.
“Bu gün dövlətimiz nəinki öz enerji tələbatını təmin edir, eyni zamanda bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilmiş bir ölkə kimi tanınır”,- deyən Cənab Prezident ölkəmizin dünya üçün necə əhəmiyyətli bir dövlət olduğunu nəzərə çatdırmışdır. Həmçinin dövlət başçımız çıxışında Azərbaycanda dağ-mədən sənayesinin inkişaf etməməsinin obyektiv səbəblərini bununla əlaqələndirmişdir ki, Sovet dövründə aşkar edilmiş bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti hər zamanki kimi öz işğalçılıq siyasətini yeridərək Azərbaycana məxsus olan təbii resursları acgözlüklə talamışdır.
Artıq bu gün bu və bir çox məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq ediləcək, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqlar tezliklə işə salınacaqdır. Beş mindən çox yeni iş yeri yaradılacaq, Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması sürətlənərək yeni bir güclü sənaye istiqaməti yaradılacaqdır. Bu layihə, həqiqətən də, milyardlarla manat səviyyəsində ölçülə biləcək bir layihədir.
Dövlət başçıımızın çıxışından sonra İqtisadiyyat nazirimiz əminliklə bildirmişdir ki, Dövlət Proqramının uğurlu icrası üçün bu istiqamətdə verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edəcək, dağ-mədən və metallurgiya sənayesini ölkəmizin iqtisadi inkişafının etibarlı dayaqlarından birinə çevirmək istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərəcəkdir.