Gələcək vəzifələr arasında hərbi və təhlükəsizlik imkanlarının gücləndirilməsi xüsusi yer tutur
Günay Orucova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 331 saylı uşaq bağçası- körpələr evinin müdiri
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Çıxışda qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonrakı yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirildiyi vurğulanır. 2020-ci il İkinci Qarabağ müharibəsində qazanılan Zəfər və 2023-cü il 20 sentyabr tarixlində reallaşan antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından əsas mərhələlər kimi təqdim edilir.
Mətndə Yeni Azərbaycan Partiyasının 1992-ci ildə Naxçıvanda keçirilmiş təsis qurultayının ölkədəki mürəkkəb siyasi şərait fonunda baş verdiyi xatırladılır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası, beynəlxalq təcriddən çıxış və xarici investisiyaların cəlb edilməsi əsas strateji istiqamətlər kimi göstərilir. "Əsrin kontraktı"nın imzalanması və milli inkişaf strategiyasının formalaşdırılması bu mərhələnin ən mühüm hadisələri sırasında qeyd olunur.
Gələcək vəzifələr arasında hərbi və təhlükəsizlik imkanlarının gücləndirilməsi xüsusi yer tutur. Çıxışda Azərbaycanın ətrafında baş verən regional münaqişələr fonunda təhlükəsizlik məsələlərinin daim diqqətdə saxlanmasının vacibliyi qeyd olunur. Eyni zamanda, ideoloji təhlükəsizlik, təhsil və vətənpərvərlik məsələlərinə diqqət yetirilir, informasiya məkanında Azərbaycan reallıqlarının düzgün çatdırılmasının əhəmiyyəti önə çəkilir.
Xarici siyasət istiqamətində Azərbaycanın müstəqil xətt yürütməsi, müxtəlif dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlarda fəal iştirakı xüsusi qeyd edilir. Bu xüsusda, İslam həmrəyliyinin gücləndirilməsi, D - 8 təşkilatına üzvlük, Avropa İttifaqı ölkələri, həmçinin Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri diqqətə çatdırılır.
İqtisadi və sosial siyasət üzrə minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması, investisiyaların cəlb edilməsi, habelə iqtisadi və maliyyə sabitliyinin qorunması əsas hədəflər kimi göstərilir. Enerji sektorunda neft, qaz, elektrik enerjisi istehsalı və ixracı Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətinin mühüm amillərindən biri kimi təqdim olunur. Nəqliyyat sahəsində isə Orta Dəhliz və Şimal-Cənub Dəhlizinin inkişafı, tranzit yüklərin həcminin artırılması və yeni iş yerlərinin yaradılması perspektivləri qeyd edilir.
Çıxışın sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də "Böyük Qayıdış" proqramının sürətləndirilməsi əsas strateji vəzifə kimi müəyyən olunur. Sənəddə bu bölgələrin yenidən qurulmasına 28 milyard manat vəsaitin ayrıldığı, artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşdırıldığı bildirilir. Yeni Azərbaycan Partiyası üzvlərinin qarşıdakı tarixi vəzifələrin icrasında fəal iştirak edəcəyi vurğulanaraq, partiyaya yeni qələbələr arzulanır.