YAP Suraxanı rayon təşkilatında “Milli Qurtuluş Günü” münasibəti ilə dəyirmi masa keçirilmişdir
14 iyun 2023-cü ildə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının inzibati binasında “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov geniş nitq ilə çıxış etmişdir. Yerli Təşkilatın sədr müavini bildirmişdir ki, biz bu il müstəqilliyimizin bərpasının 32-ci ildönümünü, Milli Qurtuluşumuzun isə 30 illik yubileyini qeyd edəcəyik. O, xüsusi vurğulamışdır ki, əgər Ulu Öndər Heydər Əliyev tərəfindən Milli Qurtuluş gerçəkləşdirilməsə idi, Azərbaycan Respublikasını da Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq taleyi gözləyirdi. Özü də bu dəfə hadisələr daha dramatik bir süjet xətti ilə davam etməkdə, daxili və xarici düşmənlər öz təzyiqlərini artırmaqda idilər. Salman Əbdülov dedi ki, Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC-Müsavat rejimi xalqın haqlı tələbinin qarşısında davam gətirə bilmədi. 15 iyun 1993-cü ildə Milli Qurtuluşu Heydər Əliyevin timsalında Azərbaycan xalqı gerçəkləşdirdi.
Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masa iştirakçıları çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzu şüurlarda, qəlblərdə formalaşdırdı. Milli Qurtuluş ruhu həm də milli Vətənpərvər ruhun formalaşmasına xidmət etdi. Bu eşq və bu arzu o qədər böyük niyyətə çevrildi ki, hətta Ümummilli Liderin fiziki yoxluğunda belə bir öz yolumuzla Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işıqlı sabahlara doğru gedirik.
Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olan bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim olunmuşdur.