"18 Oktyabr - Müstəqilliyin Bərpası Günü": Keçmişdən Gələcəyə Ucalan Azadlıq İradəsi adlı tədbir keçirilmişdir

"18 Oktyabr - Müstəqilliyin Bərpası Günü": Keçmişdən Gələcəyə Ucalan Azadlıq İradəsi adlı tədbir keçirilmişdir

16 oktyabr 2026-cı il tarixində Suraxanı rayonu, 65 nömrəli tam orta ümumtəhsil məktəbində Suraxanı Rayonu Zığ Bələdiyyəsi və sözügedən təhsil müəssisəsinin birgə təşkilatçılığı ilə "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü": Keçmişdən Gələcəyə Ucalan Azadlıq İradəsi adlı dəyirmi masa və açıq dərs keçirilmişdir.

Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Zığ Bələdiyyəsinin sədri və YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya Təşkilatının (ƏPT) sədri Arzu Aslanova, 65 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsini icra edən, YAP Suraxanı rayon təşkilatının ƏPT sədr müavini Mürsəl Kazımov, Şəhid Ruhid İslamlının atası və YAP Suraxanı rayon təşkilatının fəal üzvü Uğur İslamlı, digər rəsmi şəxslər, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rəsmi hissənin ardından məktəbin müəllim-şagird kollektivinin iştirakı ilə açıq dərs formatında bu tarixi günün əhəmiyyətinə dair məlumatlar diqqətə çatdırılmışdır. Qarşılıqlı müzakirələr şəraitində keçən dəyirmi masada mövzuya uyğun videoçarx nümayiş olunmuş və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor vəzifəsini icra edən Mürsəl Kazımov bildirmişdir ki, müstəqilliyin bərpası xalqımızın öz tarixi taleyinə yenidən sahib çıxması və azadlıq hissinin əbədiləşməsidir. Mürsəl Kazımov 18 Oktyabrın təkcə bir təqvim günü deyil, milli kimliyimizin, keçmişimizə olan bağlılığımızın və gələcəyə doğru müstəqil addımlarımızın ən böyük rəmzi olduğunu vurğulamışdır.

Zığ Bələdiyyəsinin sədri Arzu Aslanova öz çıxışında xüsusi olaraq qeyd etmişdir ki, dövlət müstəqilliyimizin bərpası bizə öz torpağımızda azad yaşamaq, mədəniyyətimizi qorumaq və dünya xalqları arasında başıuca dayanmaq imkanı vermişdir. O, bu müqəddəs neməti qorumaq və gələcək nəsillərə ötürməyin hər birimizin ən ali vətəndaşlıq borcu olduğunu diqqətə çatdırmışdır.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək ilk növbədə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini və xoş arzularını iştirakçılara çatdırmışdır. Ənvər Haqverdiyev bildirmişdir ki, 18 Oktyabr xalqımızın azadlıq mübarizəsinin, sarsılmaz iradəsinin və milli mənliyinin ən uca zirvəsidir. 1991-ci ilin payızında atılan o cəsarətli addım Azərbaycanın öz taleyini yenidən öz əlinə almasını təmin etmiş, ölkəmizi beynəlxalq aləmdə söz sahibi olan, daxili və xarici siyasətini müstəqil müəyyənləşdirən güclü bir subyektə çevirmişdir. O əlavə etmişdir ki, suverenliyimizin bərpası sadəcə hüquqi sənədlərin imzalanması deyil, millətimizin öz köklərinə, bayrağına və mənəvi dəyərlərinə qayıdışıdır. Bu gün qazandığımız hər bir uğur, əldə etdiyimiz iqtisadi və siyasi nailiyyətlər məhz həmin sarsılmaz təməlin üzərində ucalır. İllər keçdikcə bu azadlığın dəyərini daha dərindən dərk edir və gələcək nəsillərə qüdrətli bir məmləkət qoyub getməyin məsuliyyətini daşıyırıq.

Tədbirdə çıxış edən digər natiqlər də 18 Oktyabrın keçmişin sınaqlarından keçərək gələcəyə inamla irəliləyən bir millətin öz ləyaqətini yenidən elan etdiyi şərəfli bir tarix olduğunu qeyd etmişlər. Vurğulanmışdır ki, XX əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər fonunda yaranan bu tarixi fürsət Azərbaycanın dünya xəritəsində özünəməxsus yerini möhkəmləndirməsinə, daxili inkişaf modelini və qlobal arenadakı strateji mövqeyini sərbəst şəkildə formalaşdırmasına geniş yol açmışdır.

Paylaş