YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
23 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirib. Növbəti tədbir Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, 30 ünvanında yerləşən Xarici Dillər Təmayüllü Gimnaziyadakı Ərazi Partiya Təşkilatında (ƏPT) keçirilib.
Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, ƏPT sədri, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova və ərazi təşkilatında fəaliyyət göstərən YAP fəalları iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan ƏPT sədri, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova bildirib ki, təhsildə ideoloji təhlükəsizlik milli dayanıqlığın və suverenliyin qorunmasının təməl şərtidir. Bu xətt Yeni Azərbaycan Partiyasının VIII Qurultayında irəli sürülən strateji çağırışların birbaşa əsas sütunlarından birini təşkil edir. O diqqətə çatdırıb ki, 2 oktyabr 2026-cı ildə keçirilən YAP-ın VIII Qurultayında Prezident cənab İlham Əliyev öz proqram xarakterli nitqində ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu bəyan edib, bu təhdidlərə qarşı dayanıqlı cəmiyyət formalaşdırılmasında təhsil sisteminin və gənc nəslin maarifləndirilməsinin mühüm rolunu xüsusi vurğulayıb.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev qurultayda qarşıya qoyulan hədəflər barədə geniş məruzə ilə çıxış edərək bildirib ki, dövlət başçısının nitqindən irəli gələn vəzifələrin icrasında təhsil işçiləri ideoloji işin ön cəbhəsində yer almalıdırlar: "Müəllimlər sadəcə elmi bilik vermir, həm də gənclərin dünyagörüşünü düzgün istiqamətləndirirlər". Ənvər Haqverdiyev əlavə edib ki, ideoloji təhlükəsizlik YAP-ın VIII Qurultayında cızılan yeni dövrün strateji hədəflərinə çatmağın əsas alətidir. Fiziki cəhətdən qorunan sərhədlərimizi mənəvi və intellektual cəhətdən sarsılmaz etmək birbaşa milli təhsil sisteminin vətənpərvər, savadlı və dövlətçi gənclik yetişdirmək missiyasından keçir.
Görüşdə çıxış edən digər fəallar da Yeni Azərbaycan Partiyasının bu gün sadəcə siyasi arenada fəaliyyət göstərən bir qurum olmadığını, onun müstəqil dövlətçiliyimizin dünənini, bu gününü və gələcək hədəflərini özündə birləşdirən ümummilli bir məfkürəyə çevrildiyini diqqətə çatdırıblar.