Naxçıvanın Hərbi Qüdrəti Artırılır: Müasir Texnika və Yeni Komando Qüvvələri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvana 17-ci səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verərək muxtar respublikanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərinə toxunub. Dövlət başçısı Naxçıvanın təhlükəsizliyinin xüsusi strateji əhəmiyyət daşıdığını bildirib.
Müsahibədə qeyd olunub ki, bölgədə Əlahiddə Ordunun yaradılması, onun ən müasir hərbi texnika ilə təchiz edilməsi və yeni komando qüvvələrinin formalaşdırılması istiqamətində böyük işlər görülsün. Prezident Azərbaycan Silahlı Qüvvələrinin regionda tam söz sahibi olduğunu və Naxçıvanın hərbi potensialının bundan sonra da ardıcıl şəkildə artırılacağını vurğulayıb.
Dövlət başçısının müsahibəsində diqqət çəkən əsas məqamlardan biri Naxçıvanın sənaye və enerji sektorundakı yeni layihələr olub. Təməli qoyulan Naxçıvan Sənaye Parkı yeni müəssisələr və iş yerləri üçün böyük imkanlar açacaq. Parkın ərazisində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası nəzərdə tutulur ki, bu da regionun enerjiyə olan daxili tələbatını tam ödəyəcək.
Bununla yanaşı, muxtar respublikada bərpa olunan enerji sahəsində nəhəng addımlar atılır. Artıq Günəş enerjisi istehsalı üçün 600 hektardan çox torpaq sahəsi ayrılıb. Prezident İlham Əliyev yalnız Günəş enerjisi hesabına Naxçıvanda ilk mərhələdə 500 meqavat, perspektivdə isə 1000 meqavatadək elektrik enerjisinin istehsal olunacağını və gələcəkdə bu enerjinin xaricə ixrac ediləcəyini bəyan edib.
Prezident İlham Əliyev Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin strateji əhəmiyyətini xüsusi vurğulayıb. Müsahibədə Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin yekunlaşmaq üzrə olduğu, Naxçıvan ərazisində isə 194 kilometrlik dəmir yolunun bərpası işlərinə başlanıldığı bildirilib.
Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən, bərpa ediləcək dəmir yolunun yükdaşıma qabiliyyəti ildə ən azı 15 milyon tona çatdırılacaq. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizi yalnız avtomobil və dəmir yolundan ibarət olmayacaq — bura elektrik xətləri və fiber-optik kabellər də daxil ediləcək. Bu layihə Naxçıvanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevirəcək.
Naxçıvanın daxili infrastrukturunun yenilənməsi də dövlətin diqqət mərkəzindədir. Müsahibədə şəhərlərarası və rayonlararası sərnişindaşımanı yaxşılaşdırmaq üçün 217 müasir avtobusun alınacağı, həmçinin 420 kilometr uzunluğunda avtomobil yollarının tikiləcəyi və əsaslı təmir olunacağı elan edilib. Kənd təsərrüfatını dəstəkləmək üçün yeni artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması planlaşdırılır.
Bölgənin turizm potensialına toxunan Prezident Naxçıvan şəhərində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulduğunu (2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur) və şəhərin yeni Baş Planının hazırlandığını bildirib. Eyni zamanda, milli kimliyin və mədəniyyətin qorunması çərçivəsində Möminə xatun məqbərəsinin bərpası və digər tarihi abidələrin konservasiyası işləri davam etdiriləcək.
Dövlət başçısı Naxçıvanın gələcək inkişafının Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid konsepsiya əsasında aparılacağını diqqətə çatdırıb. Qarabağ və Şərqi Zəngəzurda özünü doğrultmuş müasir idarəetmə modelinin üstünlükləri Naxçıvanda da tətbiq olunaraq idarəetmə sistemi təkmilləşdiriləcək.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının muxtar statusunun tam qorunacağını xüsusi vurğulayıb və dövlət tərəfindən regionun sürətli sosial-iqtisadi tərəqqisi üçün bütün zəruri addımların atılacağını bildirib.