YAP Suraxanı rayon təşkilatı Azər Məmmədovun vaxtsız itkisi ilə bağlı başsağlığı verib

YAP Suraxanı rayon təşkilatı Azər Məmmədovun vaxtsız itkisi ilə bağlı  başsağlığı verib

Başsağlığında deyilir:

Suraxanı Tibb Mərkəzinin direktoru, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan  Məmmədov Azər Nadir oğlu 61 yaşında qəfil rəhmətə getmişdir. Onun qəfil dünyasını dəyişməsi bütün onu tanıyanlar kimi bizi də dərindən sarsıtmışdır. Azər Məmmədovun nurlu xatirəsi onu tanıyanların, sevənlərin və ona hörmət edənlərin qəlbində daima yaşayacaqdır.

Qeyd edək ki, Məmmədov Azər Nadir oğlu 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1979-1985-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə indiki Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər üzrə internatura təhsili alıb. 1987-1988-ci illərdə Bakı şəhərindəki Tibbi-Bədən Tərbiyəsi Dispanserində, 1988-1990-cı illərdə Sumqayıt şəhərindəki Dəri-Zöhrəvi Dispanserində həkim, 1990-1991-ci illərdə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində tibbi ekspert kimi fəaliyyət göstərib. 1991-2007-ci illərdə Respublika Diaqnostika Mərkəzində həkim-rentgenoloq kimi işləyib. 2007-2014-cü illərdə Yasamal rayonunda yerləşən 3 nömrəli Şəhər Poliklinikasının baş həkimi olub. 2014-cü ildən indiki Suraxanı Tibb Mərkəzində baş həkim, 2021-ci ildən isə həmin tibb müəssisəsinin direktoru kimi çalışıb.

Azər Məmmədov uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və səhiyyəsinin inkişafına həsr edib. Tibb sahəsində uğurları ilə yanaşı Azər həkimin ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında onun rolu və xidmətləri müstəsnadır. 

Azər Məmmədovun Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsi idi. O, ləyaqətli rəhbər, insanlara sağlamlıq bəxş edən bir təbib olmaqla yanaşı, həm də rəhbərlik etdiyi kollektivdə doğma partiyamıza sədaqətlə xidmət etmiş, dövlətimizin və cənab Prezidentimizin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir. 

Azər Məmmədovun gənc həkimlərin, tibb işçilərinin siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır.

YAP Suraxanı rayon təşkilatının təşkilatının çoxminli üzvləri və aparatı  adından dərin hüznlə başsağlığı veririk.

Allah ailəsinə, doğmalarına və yaxınlarına səbr versin. Allah rəhmət eləsin!