Müstəqilliyimizin və Zəfərimizin Təntənəsi: 20 Sentyabr – Dövlət Suverenliyi Günü

Müstəqilliyimizin və Zəfərimizin Təntənəsi: 20 Sentyabr – Dövlət Suverenliyi Günü

Qasım Qasımov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon 146 saylı tam orta ümumtəhsil məktəbinin direktoru

20 Sentyabr tarixi Azərbaycan Respublikasının çoxəsrlik dövlətçilik salnaməsində ölkənin bütün ərazilərində suverenliyin tam və qəti şəkildə bərpa olunduğu müstəsna əhəmiyyətli bir mərhələdir. Bu əlamətdar gün, Azərbaycan dövlətinin hüquqi, siyasi və hərbi qüdrətinin, həmçinin xalqımızın sarsılmaz milli iradəsinin ən bariz təzahürüdür.

2023-cü il sentyabrın 19-da başlayan və cəmi 24 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşu və dövlət suverenliyi ölkənin hər bir nöqtəsində tam təmin edilmişdir. Bu qətiyyətli addımlarla Qarabağda mövcud olan separatizm yuvası birdəfəlik ləğv olunmuş, xalqımızın otuz ilə yaxın davam edən torpaq həsrətinə və ərazi bütövlüyü probleminə tamamilə son qoyulmuşdur. Bununla da Azərbaycanın müasir tarixində yeni, parlaq bir intibah dövrünün əsası qoyulmuşdur.

Bu böyük tarixi nailiyyət, ilk növbədə, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasətinin, rəşadətli Azərbaycan Ordusunun yüksək peşəkarlığının və şəxsi heyətin göstərdiyi misilsiz şücaətin nəticəsidir. Vətən uğrunda canından keçən, bizə bu qüruru yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim ehtiramla və minnətdarlıqla yad ediləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu qürurverici tarixin dövlət yaddaşına əbədi həkk olunmasının rəsmi təsdiqidir. 20 Sentyabr – müstəqilliyimizin, milli birliyimizin və üçrəngli bayrağımızın dalğalandığı hər bir qarış torpağımızın toxunulmazlığının əbədi rəmzidir.

Bu ulu gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizin müstəqilliyinin, suverenliyinin və qüdrətinin əbədi olmasını arzulayırıq!

Dövlət Suverenliyi Günümüz mübarək!

 

 

 

 

Paylaş