Azərbaycanın investisiya imicinin formalaşdırılmasında beynəlxalq forumların rolu
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 279 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı
Azərbaycanın regional rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı bir neçə istiqamətdə işlərin aparıldığı bildirilib. Bu istiqamətdə əsas məsələlərdən biri insan kapitalının və kadr potensialının formalaşdırılmasıdır. Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti bu sahədə atılmış mühüm addımlardan biri kimi qeyd olunub. Coğrafi mövqe, əlavə enerji potensialı və beynəlxalq fiber-optik bağlantılar Azərbaycanın rəqəmsal infrastruktur baxımından imkanlarını genişləndirən amillər kimi təqdim edilir.
Xəzər dənizinin dibi ilə Azərbaycanı Qazaxıstanla birləşdirəcək fiber-optik kabel layihəsinin də bu imkanları artıracağı bildirilib. Bu istiqamətdə qlobal rəqəmsal infrastruktur şirkətləri ilə əməkdaşlıq, əlverişli investisiya mühiti, proqnozlaşdırıla bilən vergi sistemi və təhlükəsizlik amillərinin birlikdə yeni investisiya imkanları yarada biləcəyi qeyd olunub.
Çıxışda texnologiyanın əldə edilməsinin maliyyə imkanları baxımından mümkün olduğu, lakin təcrübə və peşəkar kadr potensialının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Neft-qaz sektorunda son üç onillik ərzində yerli kadrların rolunun əhəmiyyətli dərəcədə artması bu baxımdan nümunə kimi təqdim edilib. İnsan kapitalının inkişafında xaricdə təhsil proqramlarının da mühüm rol oynadığı bildirilib.
2003-cü ildən etibarən gənclərin xaricdə təhsil almasına imkan verən Dövlət Proqramının həyata keçirildiyi və həmin proqram çərçivəsində çoxsaylı gənclərin xaricdə təhsil aldığı qeyd olunub. Beləliklə, yeni texnologiyaların mənimsənilməsi ilə yanaşı, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və yerli kadr potensialının gücləndirilməsi Azərbaycanın yeni iqtisadi inkişaf istiqamətlərində əsas şərtlərdən biri kimi çıxış edir.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsi ixrac strukturunda da öz əksini tapır. Çıxışda ÜDM-in 70 faizindən çoxunun qeyri-neft sektorunun payına düşdüyü, lakin ixracın 90 faizindən çoxunun hələ də neft və qazın payına düşdüyü qeyd olunub. Bu baxımdan qarşıdakı dövrdə qeyri-neft sektorunun ixrac potensialının artırılması mühüm vəzifə kimi göstərilib. Bu məqsədin reallaşdırılması üçün sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, logistika, enerji, mədənçilik və digər sahələrdə əlavə dəyər yaradan fəaliyyətlərin genişləndirilməsi əhəmiyyət daşıyır.
Forumda investisiya qərarlarının yalnız təqdim olunan məlumatlarla deyil, investorların ölkədə real şəraiti bilavasitə müşahidə etməsi ilə də formalaşdığı vurğulanıb. Bu baxımdan beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi xarici investorların ölkənin iqtisadi, sosial və biznes mühiti ilə birbaşa tanış olmasına imkan yaradır. İnvestorların ölkənin inkişaf səviyyəsini, infrastrukturunu, insan kapitalını və biznes mühitini yerində qiymətləndirməsi investisiya imkanlarının təqdim edilməsinin mühüm komponenti kimi nəzərdən keçirilir.
Çıxışda Azərbaycanın neft sənayesinin tarixi də ölkənin iqtisadi inkişaf kontekstində təqdim edilib. Bakıda ilk neft quyusunun qazılması, Azərbaycanın neft sənayesinin formalaşmasında oynadığı rol və İkinci Dünya müharibəsi illərində Bakı neftinin sovet ordusunun yanacaq təminatındakı payı ölkənin enerji tarixinin mühüm mərhələləri kimi qeyd olunub. Müstəqilliyin bərpasından sonrakı ilkin dövr isə iqtisadi tənəzzül, enerji qıtlığı, qaz hasilatının aşağı səviyyəsi, münaqişə və digər mürəkkəb amillərlə xarakterizə olunub. Sonrakı mərhələdə neft-qaz sektorunun inkişafı və əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi ölkənin iqtisadi potensialının genişləndirilməsində əsas istiqamətlərdən biri kimi təqdim edilib.
Nəticə etibarilə, forumda təqdim olunan yanaşmanın əsas istiqaməti mövcud iqtisadi və enerji potensialından istifadə etməklə yeni investisiya sahələrinin formalaşdırılması, Azərbaycanın regional nəqliyyat, enerji və rəqəmsal bağlantılarda rolunun genişləndirilməsi və iqtisadiyyatın daha şaxələndirilmiş strukturunun inkişaf etdirilməsidir. Bu prosesdə beynəlxalq tərəfdaşlıq, qabaqcıl texnologiyaların tətbiqi, peşəkar insan kapitalının formalaşdırılması və investisiya mühitinin davamlı təkmilləşdirilməsi əsas amillər kimi önə çıxır.