Suraxanı rayonunda tanınmış şair və publisist Zərifə Sufinin 65 illik yubileyi qeyd olunub
26 oktyabr 2026-cı il tarixində Suraxanı rayonu Hövsan qəsəbəsi 196 nömrəli tam orta məktəbdə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezident mükafatçısı Zərifə Sufinin (Mikayılova) 65 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
"Qızıl Qələm”, "Vicdanlı Qələm" və "Xurşidbanu Natəvan" mükafatları laureatı olan Azərbaycan dili və ədəbiyyatı müəlliminin yubiley gecəsində dövlət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, şairlər və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nizami müəllim yubilyarı təbrik edərək onun yaradıcılığına yüksək qiymət vermişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva Zərifə Sufini İcra Başçısı Adil Əliyevin fəxri fərmanını və qiymətli hədiyyəsini təqdim edib.
Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının nümayəndələri Kürsüm Həsənova və Nərgiz Çıraqova çıxış edərək yerli təşkilatın sədri Vüqar Seyidovun yubilyara ünvanlanmış təbrik məktubunu oxuyublar.
Tədbirdə çıxış edən Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Allahverdi Yolçiyev, rejissor və aktyor Vüsal Xalıqoğlu, Azərbaycanın Əməkdar aktrisası Nəcibə Hüseynova, Türk dünyasının tanınmış şairi Səadət Buta, şair və Sabunçu rayonu Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı Zərifə Sufinin yaradıcılığından söz açaraq ona xoş arzularını çatdırıblar.
Məktəbin şagirdləri şairənin şeirlərini səsləndirib, musiqili proqramlar və səhnəciklər nümayiş etdiriblər.