YAP siyasi palitramızda mövcud olan partiyaların lokomotividir
Fərəh Məcidzadə
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının gənc fəalı
Politalogiya elminə giriş əslində tarix və fəlsəfədən keçir. Bu elm, öyrənmək istəyən hər bir kəs üçün böyük dəryadır. Əminəm ki, siyasi əqidəsindən, mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq siyasətlə, siyasətin elmi tədqiqi olan politalogiya ilə maraqlanan hər bir Azərbaycan gənci Cənubi Qafqazın ən böyük ictimai-siyasi birliyi olan Yeni Azərbaycan Partiyasının adını bir dəfə belə olsa eşitmiş, haqqında maraqlanmış, hətta bacardığı qədər onunla bağlı araşdırma aparmışdır.
Gənclər hər bir ölkənin aparıcı qüvvəsidir. Gəncin düzgün istiqamətləndirilməsi, şəxsiyyət kimi formalaşması mənsub olduğu xalqın və yaşadığı ölkənin gələcək inkişafının qarantıdır. Şəxsiyyəti formalaşdıran isə ona təlqin olunan düzgün ideologiyadır. Bu baxımdan əminliklə deyə bilərik ki, böyük nüfuzla yanaşı, yaşı dövlətinin yaşına bərabər regionun qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası hər bir gəncin formalaşması üçün böyük siyasi məktəbdir.
Tarixin zərurətindən formalaşaraq mövcud vəziyyətlərdə yaranan bütün ictimai-siyasi birliklərin özünəməxsus siyasi-tarixi keçmişləri vardır. Bu keçmişin əhəmiyyəti olduqca böyükdür. Çünki keçmiş eyni zamanda gələcəyi formalaşdıran danılmaz faktlardır.
Açılan cığırda qalan ayaq izlərini hər kəs təqib edib keçər, lakin ilk olmaq, edilməyəni etmək, ilk cığırı açaraq ilk izləri möhürləməyi yalnız həqiqi liderlər bacarar. Hər bir vətəndaş cəmiyyətində olduğu kimi opportunist insanlar cəmiyyətimizin də keçmişdən bu gününə mövcud olmuşdur. Lakin bəzi gerçəklər artıq onların belə saxtalaşdıra bilməyəcəyi qədər qəlibləşmişdir. Azərbaycan xalqının və bir çox türk xalqlarının həyatında böyük rol oynamış, tanrının verdiyi xilaskarlıq missiyasını tərəddüdsüz üstlənən, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, iqtidarın gücünə güc, uğurlarına uğur qatan Yeni Azərbaycan Partiyası tarixin ən çətin sınaqlarından üzüağ çıxmış, gənc Azərbaycan dövlətinin dünəni, bugünü, gələcəyi olmağı bacarmışdır.
Zəfərlərlə dolu noyabr ayını artıq geridə qoyuruq. Lakin bu ilin noyabrının tarixi yükü Yeni Azərbaycan Partiyası kimi böyük siyasi hərəkətın parçası olan hər bir azərbaycanlı üçün böyük əhəmiyyətə malikdir. Yaşı, gənc Azərbaycanın yaşına bərabər doğma partiyamızın bu il 30 illik yubileyini qeyd etdik. Noyabr ayının 21-də partiyamızın təsis olunmasının 30 illiyinə həsr edilmiş yubiley tədbirində cəmiyyətin müxtəlif təbəqələrindən olan əqidədaşların iştirak etdiyi bu tarixi gün Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezident cənab İlham Əliyevin tədbiri şəxsən özünün açması ilə daha da əbədiləşdi. Beləliklə də biz tarixi gündə, əvəzolunmaz anlara şahidlik etdik. Bu, mənim həyatımda möhtərəm Prezidenti şəxsən görmək şərəfinə nail olduğum üçüncü möhtəşəm tədbir idi. Lakin həyəcanımdan dolayı bu dəfə anlaya bilmədiyim bir coşğu, fərəh, başqa bir qürur var idi zalda.
Doğma partiyamızın sədri, möhtərəm Prezidentin hər hərəkətini, hər ifadəsini diqqətlə izləyirdim. Ardıcıl olaraq zala dəfələrlə alqışdan dolayı təşəkkür etsə də, tədbir iştirakçıları nə əyləşir, nə də alqışı saxlayırdılar. Ölkəmizdə səfərdə olan iqtidar partiyalarının nümayəndələri də zalda idi. Hesab edirəm ki, insanların rəhbərini bu möhtəşəm qarşılaması onları da heyrətləndirmişdi. Yalnız bir müddət sonra zala çökən bir neçə saniyəlik səssizlik zamanı fərqinə vardım. Bu dəfə qarşımızda, kürsüdə dayanan təkcə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri deyildi, bu dəfə o, eyni zamanda Müzəffər Ali Baş Komandan, Qalib Lider, Ali Baş Diplomat kimi qarşımızda idi. Bunları düşündükcə isə məndə başqa bir sevinc, qürür, həyəcan yaranırdı.
Möhtərəm Prezidentin hər cümləsini diqqətlə dinləyirdim. Mənim üçün hər bəyanatı yeni bir yol xəritəsi, hər kəlməsi yeni bir tezis, yeni bir istiqamət idi. Verdiyi hər ismarıc, alqış, bir məqamda nitqinə qatdığı kiçik yumor isə gülüşlə, sevinclə qarşılandı, dəstəkləndi. Bu görüş, Yeni Azərbaycan Partiyası kimi nəhəng ictimai-siyasi hərəkatın parçası olan minlərlə insanın tək bir yumruq olduğunun ən gözəl təzahürü idi. İnanıram ki, bundan sonra da insanlar öz talelərini konservativliyini qoruyan, lakin eyni zamanda yenilənən, dəyişən dünyanın yeni reallıqları ilə ayaqlaşan doğma partiyamız ilə bağlayacaqlar. Bir daha və əminliklə deyə bilərəm ki, rəhbəri möhtərəm İlham Heydər oğlu Əliyev olan Yeni Azərbaycan Partiyası şübhəsiz ki, ölkədə formalaşmış siyasi palitranın yeni konfiqurasiyasının lokomatividir.