YAP-ın VIII Qurultayı: Gələcək Mübarizələrə Doğru İnamlı Addımlarla
Mətləb Samidli
Xəzər Universitetinin III kurs tələbəsi
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü, VIII Qurultayın nümayəndəsi
Yeni Azərbaycan Partiyasının (YAP) yenicə yekunlaşan VIII Qurultayı mənim üçün sadəcə tarixi bir siyasi hadisə deyil, həm də gələcək mübarizələrə doğru atılan ən inamlı, ən hazırlıqlı addımın başlanğıcı oldu. Mən bu kürsüdən və bu sətirlərdən böyük bir fəxarət hissi ilə danışıram. Çünki mən — Vətən müharibəsində göstərdiyi rəşadətə görə əsgərlərinin qəlbində “Suqovuşan fatehi” kimi əbədiləşən, ölümündən sonra “Zəfər” ordeni ilə təltif olunmuş şəhid polkovnik Babək Səmidlinin oğluyam. Eyni zamanda, YAP Suraxanı rayon təşkilatının fəal gənci və bu mötəbər VIII Qurultayın ən gənc nümayəndələrindən biri olmaq şərəfini daşıyıram.
17 yaşımda doğma partiyamın könüllüsü kimi fəaliyyətə başlamaq, 18 yaşımda onun sıralarına rəsmən daxil olmaq və nəhayət, 19 yaşımda bu böyük qurultayın nümayəndəsinə çevrilmək... Bir gənc üçün bundan daha böyük qürur və məsuliyyət təsəvvür etmək çətindir. Mənə bu etimadı göstərən, gəncliyin enerjisinə və ideallarına dəyər verən Yeni Azərbaycan Partiyasının rəhbərliyinə sonsuz təşəkkürümü bildirirəm.
Qurultay zalında əyləşib Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışını canlı dinləmək mənim gənclik yaddaşıma silinməz izlərlə həkk olundu. Dövlət başçısının partiya qarşısında qoyduğu strateji vəzifələri birbaşa özündən eşitmək mənə böyük bir ideoloji güc verdi. Cənab Prezidentin nitqinin sonradan həm regionda, həm də dünya mediasında geniş rezonans doğurması bir daha nümayiş etdirdi ki, Azərbaycan Lideri qlobal müstəvidə söz və nüfuz sahibidir. Ölkəmizin müstəqil xarici siyasət kursu, dünyanın aparıcı güc mərkəzləri ilə qurulan strateji tərəfdaşlıq əlaqələri dövlətimizin qüdrətinin əyani sübutudur.
Bu reallıq onu göstərir ki, Azərbaycan tarixi Zəfərin nəticələrini təkcə döyüş meydanında qorumadı, həm də onu siyasi, diplomatik və iqtisadi platformalarda daha da möhkəmləndirdi. Bu məqam bir şəhid övladı olaraq mənim üçün müqəddəs bir məna kəsb edir. Atamın və minlərlə şəhidimizin canı, qanı bahasına qazanılan bu Böyük Zəfərin dövlətimiz tərəfindən addım-addım ucaldılmasını görmək mənim ən böyük təsəllim və qürurumdur. İndi bizim üzərimizə düşən ən böyük vəzifə bu Zəfəri göz bəbəyi kimi qorumaq və gələcək nəsillərə daha qüdrətli bir Azərbaycan ötürməkdir.
Cənab Prezident qurultaydakı çıxışında rəqəmsal mühitdə ölkəmizə qarşı yönələn ideoloji təxribatlara və sosial şəbəkələrdəki mübarizənin əhəmiyyətinə xüsusi toxundu. Mən bu çağırışın doğurduğu məsuliyyəti dərk edirəm. Artıq bir müddətdir ki, YAP Suraxanı rayon təşkilatının gəncləri ilə birlikdə virtual cəbhədə aktiv fəaliyyət göstəririk. Məqsədimiz dövlətimizin reallıqlarını, qazanılan uğurları beynəlxalq auditoriyaya düzgün çatdırmaq və informasiya müharibəsində ön cəbhədə olmaqdır. VIII Qurultayda müəyyənləşən hədəflər bizim bu istiqamətdəki layihələrimizin sadəcə bir başlanğıc olduğunu göstərdi.
Bu yazımla bütün həmyaşıdlarıma, YAP gənclərinə səslənirəm: Biz milli-mənəvi dəyərlərin qorunmasında və vətənpərvərlik ruhunun yayılmasında nümunə olmalıyıq. Hər birimiz Müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” kimi sıx birləşərək, Azərbaycanın daha işıqlı gələcəyi naminə yorulmadan çalışmalıyıq.
VIII Qurultayda qarşıya qoyulan bütün hədəflərin yüksək səviyyədə reallaşacağına inamım tamdır. Doğma partiyama yeni uğurlar arzulayıram!
Yaşasın Azərbaycan!
Yaşasın Yeni Azərbaycan Partiyası!