Xocalı: Tarixi qan yaddaşı və “Böyük Qayıdış”ın rəmzi

Xocalı: Tarixi qan yaddaşı və “Böyük Qayıdış”ın rəmzi

Emil Yusifov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri

2026-cı ildə Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş bu dəhşətli faciə Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi xalqımızın yaddaşına əbədi həkk olunub. Həmin gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edildi, dinc və silahsız əhaliyə qarşı amansız qətliam törədildi.

Rəsmi məlumatlara əsasən 613 nəfər qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi isə indiyədək naməlum qalır. Bu hadisə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, mülki əhaliyə qarşı törədilmiş ağır cinayət və soyqırımı aktı kimi tarixə düşdü. Xocalı uzun illər işğal altında qaldı, şəhər tamamilə dağıdıldı, sakinləri doğma yurdlarından didərgin salındı.

Azərbaycan xalqı heç vaxt bu faciə və işğalla ilə barışmadı. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Xocalı tam şəkildə Azərbaycanın nəzarətinə qaytarıldı, dövlət suverenliyi bərpa olundu. Bu tarixi zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə mümkün oldu. Onun qətiyyətli siyasəti, güclü ordu quruculuğu və xalqordu birliyi sayəsində illərlə həsrətində olduğumuz torpaqlara qayıdış gerçəkləşdi, üçrəngli bayrağımız Xocalıda yenidən dalğalanmağa başladı.

Xocalının azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır. Onlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi naminə ən ali zirvəyə ucaldılar. Qazilərimiz isə sağlamlıqlarını itirsələr də, böyük iradə və qəhrəmanlıq nümunəsi göstərərək tarix yazdılar. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı onların qəhrəmanlığının yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Bu gün Xocalı artıq dirçəliş və quruculuq mərhələsini yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir infrastruktur qurulur, yaşayış binaları, sosial obyektlər, yollar və kommunikasiya xətləri inşa edilir. Məqsəd keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək, Xocalını müasir və abad şəhərə çevirməkdir.

Prezident cənab İlham Əliyev azad olunmuş Xocalıya səfərləri zamanı aparılan quruculuq işləri ilə yerində tanış olur, yeni layihələrin təməlini qoyur və açılışlarında iştirak edir. Bu səfərlər həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır, dövlətin Xocalıya və onun sakinlərinə verdiyi dəyərin göstəricisidir.

Xocalı soyqırımının 34-cü ildönümündə biz faciə qurbanlarını dərin hüznlə yad edir, eyni zamanda azad və dirçələn Xocalının gələcəyinə inamla baxırıq. Qanla yazılmış tariximiz bu gün qürur və qələbə salnaməsi ilə davam edir. Xocalı bizim həm ağrımız, həm də gücümüzdüryaddaşımızda əbədi yaşayan bir faciə və eyni zamanda Böyük Qayıdışın rəmzi.