Aynur Qafarlı
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin müəllimi
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri – Xocalı soyqırımı baş verdi. Ermənistanın hərbi qüvvələri rus ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini mühasirəyə aldı və dinc azərbaycanlı əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi.
Xocalı soyqırımı Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən amansız qətliamlardan biridir. Mülki əhali – qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, qəddarcasına qətlə yetirildi, işgəncələrə məruz qaldı. Bu hadisə ilə bağlı Azərbaycan dövləti “Soyqırım Günü” haqqında rəsmi qərar qəbul edib. Xocalı faciəsi, Ermənistanın milli təmizləmə və işğalçılıq siyasətinin qanlı nəticəsi kimi tarixə həkk olunub.
Xocalı hadisələri beynəlxalq mediada da əksini tapıb. 1992-ci ilin martında dünya mətbuatı bu faciə ilə bağlı dəhşətli faktları işıqlandırdı. Məsələn: “Sandi Tayms” qəzeti (London, 1 mart 1992-ci il) yazırdı: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.” “İzvestiya” qəzeti (Moskva, 4 mart 1992-ci il) isə bildirirdi: “Videokameralar qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü.” Bu məlumatlar Xocalıda baş verən vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasına kömək etdi.
Xocalı soyqırımı bir çox ölkələr tərəfindən tanınmışdır və ədalətin bərpa olunması üçün beynəlxalq səviyyədə müxtəlif tədbirlər keçirilir. “Xocalıya Ədalət” kampaniyası bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına yönəlib.
Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Bu qanlı gecə heç vaxt unudulmayacaq və Azərbaycan xalqı bu soyqırımın ədalətlə tanınması üçün mübarizəsini davam etdirəcəkdir. Hər il 26 fevralda Xocalı şəhidlərinin xatirəsi anılır, faciənin şahidləri bu dəhşətli hadisələri dünyaya çatdırmaq üçün müxtəlif tədbirlərdə iştirak edirlər.