Xocalı Memorial Kompleksi ədalətin bərpasının rəmzidir
Əsmər Qasımova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin əməkdaşı
Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində Prezident cənab vurğulayıb ki, qələbəyə aparan yol uzun və məqsədyönlü hazırlıq mərhələsindən keçib: güclü iqtisadiyyat qurulub, müasir və peşəkar ordu formalaşdırılıb, beynəlxalq müstəvidə hüquqi baza möhkəmləndirilib. Xocalı həqiqətləri və Ermənistanın törətdiyi müharibə cinayətləri dünya ictimaiyyətinə çatdırılıb.
Prezident vurğulayıb ki, Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı nəticəsində müharibə cinayətkarlarının bir hissəsi məhv edilib, separatçıların liderləri isə saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Onun sözlərinə görə, bu, ədalətin tam təntənəsidir. Azərbaycan xalqı həm 2020-ci, həm də 2023-cü illərdə bir yumruq kimi birləşərək qəhrəmanlıq göstərib və ədaləti Silahlı Qüvvələrin peşəkarlığı, rəşadəti və fədakarlığı hesabına özü təmin edib.
Dövlət başçısı qeyd edib ki, dünyada nadir hallarda elə ölkə tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm ərazi bütövlüyünü və suverenliyini tam bərpa etsin, həm də müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxarsın. Bu tarixi nailiyyətin Azərbaycan dövlətinin əyilməz iradəsi sayəsində mümkün olduğunu bildirib.
Prezident xatırladıb ki, işğal dövründə Azərbaycana müxtəlif təzyiqlər göstərilir, reallıqla barışmaq çağırışları edilirdi. Lakin Azərbaycan heç vaxt işğalla barışmayacağını bəyan edib və danışıqlar nəticə vermədiyi halda ərazi bütövlüyünü hərbi yolla bərpa edəcəyini açıq şəkildə bildirib. 44 gün ərzində düşmənin məğlub edilməsi və kapitulyasiya aktına imza atması bu iradənin nəticəsi olub.
Memorial Kompleksinin məhz Xocalıda açılmasını ədalətin rəmzi kimi qiymətləndirən dövlət başçısı qeyd edib ki, bu layihə vaxtilə başqa məkanda həyata keçirilə bilərdi, lakin inam var idi ki, gün gələcək və memorial öz doğma torpağında ucaldılacaq. Bu gün həmin inam reallığa çevrilib.
Son olaraq qeyd edim ki, bu mərasim Azərbaycanın Zəfər salnaməsinin davamıdır.
Xocalıda ucaldılan memorial həm keçmişin ağrısını yaşadır, həm də qalib və suveren dövlətin gücünü nümayiş etdirir. Zəfərlə bərpa olunan ədalət artıq tarixdir və bu tarix xalqımızın milli qürurunun ayrılmaz hissəsinə çevrilib.