Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır

Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi,  ilk növbədə, onun dilində öz əksini tapır

Elmira Ələkbərova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin direktoru

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də çətin tarixi siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün vəsaitdir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.

Xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev 70-ci illərin əvvəllərindən dil sahəsində başladığı islahatları uğurla davam etdirdi. Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyyə etmişdi: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Fizulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onlar bilməsə, o vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyatı olmayacaq.”

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli Liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır.

30 sentyabr 2002-ci ildə isə Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib. Ulu öndər Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Yeri gəlmişkən, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Ulu Öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından aslı olmayaraq hər bir Azərbaycanlı öz ana dilini bilməli və ona hörmətlə yanaşmalıdır.

Müstəqilliyimizin 10-cu ildönümünə həsr olunmuş mərasimdə Ümummilli Lider demişdir: “Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycan Dövlət dilinin, ana dilinin hakim olmasıdır. Biz bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan dili var.”

Biz ulu öndər Heydər Əliyevin dəyərli ideyalarını gənc nəslə həvəslə öyrədirik.