Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan biri də 1918-ci ilin yazında Qubada baş verib

Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan biri də 1918-ci ilin yazında Qubada baş verib
Leyli Rüstəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor əvəzi

Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən bir vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində mifik dənizdən dənizə “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu süni xülyadan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər.

Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır.

1918-ci ilin 30 mart- 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və digər mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbirstanlıqlar viran edilib. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar.

 Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. 1918-ci ilin mart-aprelində  Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür.

Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Qədim Azərbaycan şəhəri Şamaxı 1918-ci ilin martında erməni-daşnak qüvvələrinin dəhşətli talan və vəhşiliklərinə məruz qalmışdır.

Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ də I Dünya Müharibəsi başlandığı vaxtlardan özünü büruzə verməyə başlamışdır. 1918-ci il martın 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin səsinə oyandılar və şəhərin cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındığını gördülər. Şəhərin azərbaycanlılardan ibarət aşağı hissəsi top və puleymot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tutdular. Ermənilər evlərə soxulur, onların sakinlərini qətl və qarət edir, sonra isə yandırırdılar.

Azərbaycanlı silahlı dəstələri ermənilərin və molokanların qüvvələri ilə müqayisədə azlıq təşkil edirdilər. Şamaxı üzərinə hər iki hücum Daşnaksütyun partiyası tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdir.

Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız Ulu Öndərin 1998-ci il 26 mart tarixli fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq 31 Mart  -Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.

 Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan biri də 1918-ci ilin yazında Qubada baş verib. Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Bu məzarlıqdakı insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi.

30 dekabr 2009-cu ildə dövlət başçısı tərəfindən ərazidə Soyqırımı Memorial Kompleksinin yaradılması ilə əlaqədar sərəncam imzalandı. 18 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu.  Kompleksdə yaradılan muzey erməni vandalizmini, Qubada törədilən soyqırımı tarixi faktlarla əks etdirir. Bu gün Azərbaycan öz tarixinin şanlı günlərini yaşayır. 44 günlük Vətən müharibəsində işğal altındakı ərazilərimizin azad edilməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin -müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya öz gücünü, mətnliyini nümayiş etdirdi. Bu tarixi Zəfərlə ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, digər yerlərdə, eləcə də 1992-ci ildə Qarabağda, Xocalıda törətdiyi soyqırımlarının qırğınların da qisası alındı.