Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçidir

Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçidir

Nailə Məmmədova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin müəllimi

1993- cü il 3 oktyabr Azərbaycan Xalqının tarixində bir dönüm nöqtəsi –mühüm bir tarixi hadisə Ulu Öndər Heydər Əliyevin böyük səs çoxluğu ilə  Prezident olaraq seçildiyi  gündür. Məhz bu tarixdə Azərbaycanın işıqlı gələcəyinin təməli qoyuldu. Xalqın güvənini  qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək böyük bir tarixi missiyanı öz üzərinə götürdü.

Ümummilli Lider andiçmə mərasimindəki nitqində   göstərilən  böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətini,sonsuz məhəbbətini bir daha  etiraf edərək   həyatının sonuna qədər xalqına sədaqətlə xidmət edəcəyini və bütün fəaliyyətini Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyini bildirdi.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində əsaslı addımlar atdı.  Respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar etdi.

Dövlət çevrilişlərinin qarşısı alınaraq , Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını almaqla  xalqının yaddaşına qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq həkk olundu.

Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Onun realist bir insan olaraq hadisələrə praqmatik yanaşması,hadisələrin ardıcıllığını təhlil etmək qabiliyyəti və yüksək siyasi təfəkkürü ölkəmizin işıqlı gələcəyinin qurulmasında böyük rol oynadı. Ulu Öndər Heydər Əliyev gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və digər bu kimi adlar qazanmışdır. Siyasi uzaqgörənliyi, fitri istedadı, müdrikliyi ilə tarixdə iz qoyan bir şəxsiyyətdir.

Ulu Öndər Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənlərin diqqətini hər zaman cəlb edirdi. Müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik olması özəlliklə vurğulanmalıdır. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində idi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi kimi   önəmli məsələlərdə uğurla sınaqdan keçdi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli mənəvi dəyərə çevrildi.

Ulu Öndər Heydər Əliyev  problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi  ən tanınmış siyasətçiləri belə təəccübləndirməyi bacardı. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların  Azərbaycan reallıqlarına adaptasiyasına nail oldu.

Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərdi. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirərək, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antimilli qüvvələrin qarşısında sipərə çevrildi.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallaşdı. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü il sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı.

Ulu Öndər Heydər Əliyevin həm təhsil, həm incəsənət , həm də səhiyyə sistemində apardığı əsaslı islahatlar  illər kecdikcə öz bəhrəsini göstərdi. Ulu Öndərin  imzalı siyasətini bu gün Cənab Prezident  İlham Əliyev  çox uğurlu şəkildə davam etdirir.Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarına ölkə başcımız tərəfindən göstərilən diqqət  və qayğı göz qarşısındadır.

“Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir”. - Ulu Öndər Heydər Əliyev