Vyetnam şirkətlərinin Azərbaycana, Azərbaycanın neft şirkətinin isə Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olunub

Vyetnam şirkətlərinin Azərbaycana, Azərbaycanın neft şirkətinin isə Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olunub

Rahilə Hüseyn

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi

7 may 2025 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü keçirildi. Əvvəlcə dövlət başçısı İlham Əliyev bəyanatla çıxış etdi. Baş katibi salamlamaqla sözə başlayan İlham Əliyev Vyetnam-Azərbaycan əlaqələrinin tarixindən, inkişafından bəhs etdi. Cənab prezident bəyanatın əvvəlində vurğuladı ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək.

Ölkə başçısı İlham Əliyev Azərbaycan və Vyetnam arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı yüksək dəyərləndirərək, bunun iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə qaldıracağını bildirdi. Yüksəksəviyyəli münasibətlər əsasında birgə layihələrin bir çox istiqamətləri əhatə edəcəyini vurğulayan prezident ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat sahəsində daha ciddi əməkdaşlıq potensialının olduğunu qeyd etdi.

Energetika sahəsində iki ölkə arasında ciddi əməkdaşlığın olduğunu, bunun daha da genişlənəcəyini bildirən İlham Əliyev artıq bu sahədə əməkdaşlığın yalnız ticarət deyil, qarşılıqlı sərmayə qoyuluşu şəklində aparılacağını əlavə etdi. Burada həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu. Cənab ölkə başçısı bu sahədə də lazımi göstərişlərin verildiyini və konkret addımlar atılacağını qeyd etdi.

Ticarət dövriyyəsinin sadəcə Azərbaycanın Vyetnama neft satışı üzərində olduğunu təəssüflə vurğulayan İlham Əliyev bu sahədə balanslandırılmış dövriyyənin yaradılmasının əhəmiyyətindən, investisiya imkanlarından bəhs etdi. Bərpaolunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsinin təşkil olunduğundan söz açan İlham Əliyev Azərbaycanın bu sahədə böyük potensialının olduğunu Baş katibə bildirdi. Vyetnam şirkətlərini bu sahədə investisiya qoymağa dəvət edən cənab başçı Vyetnamda da bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu qarşı tərəfə çatdırdı.

Cənab İlham Əliyev müdafiə sənayesində böyük perspektivlər olduğunu vurğulayaraq burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılmasının mümkünlüyündən bəhs etdi. Nəqliyyat infrastruktur layihələri haqqında da danışan İlham Əliyev həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarətin stimullaşdırılmasının mümkünlüyünü qeyd etdi.

Son olaraq İlham Əliyev iki ölkə arasında heç bir fikir ayrılığı olmadığını, vahid mövqedən çıxış etməyin vacibliyini bildirdi. Cənab prezident Baş katibin səfərinin qısa olmasına baxmayaraq məzmun nöqteyi-nəzərindən kifayət qədər zənginliyini vurğuladı.

Biz, azad respublikanın gənc müəllimləri cənab prezidentin xarici siyasətini yaxından izləyir, təqdir edir və ölkə başçısının bu qəbildən olan görüşlərinin gələcəkdə ölkəmizin mənafeyi naminə uğurlu nəticələr verəcəyinə inanırıq.