VI çağırış Milli Məclis fəaliyyətində şəffaflığa böyük önəm verir
Svetlana Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 311 saylı uşaq bağçasının müdiri
Məlum olduğu kimi, ölkəmizdə bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu sahəsindəki islahatlarının vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi. Əsası qoyulmuş bu siyasət bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir.
Ölkə başçısı cənab Prezident İlham Əliyevin 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında qeyd etdiyi kimi Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etməkdir və Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur. Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti ölkəmizin dünya dövlətləri arasında layiqli yerini tutması, iqtisadi yüksəlişə nail olmaq və insanlar üçün yüksək həyat standartları təmin etməkdir.
Bu hədəfə çatmaq üçün isə köklü islahatlar həyata keçirilir. Reformalar ölkədə yeni siyasi və idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, düzgün kadr islahatlarının da reallaşdırılmasını təmin edir. VI çağırış parlamentdə diqqətçəkən yeni tendensiyalardan biri də qanun layihələri ilə bağlı əhatəli dinləmələrin keçirilməsinə geniş yer verilməsidir. Bu cür dinləmələr qanun layihələri üzərində iş prosesində qarşıya çıxan məsələlərin daha effektiv həllinə və nəticə etibarilə, layihələrin daha yüksək səviyyədə hazırlanmasına kömək göstərir. Xüsusilə, cəmiyyətin ciddi marağında olan önəmli məsələlərlə bağlı geniş dinləmələrin təşkil olunması müvafiq qanunların daha mükəmməl hazırlanmasına, mütərəqqi təkliflərin nəzərə alınmasına şərait yaradır.
Qeyd etdiyimiz kimi, VI çağırış Milli Məclis fəaliyyətində şəffaflığa böyük önəm verir. Bu baxımdan, parlamentin ictimaiyyətlə əlaqələri də yüksək dəyərləndirilməlidir. Belə ki, Milli Məclisin internet saytı yeni tərtibatda istifadəyə verilib, saytda informasiyalara əlçatanlığın təmin olunmasına xüsusi diqqət yetirilib.Milli Məclisin kütləvi informasiya vasitələri ilə əlaqələri yenidən qurulub, jurnalistlərin parlamentin fəaliyyətini işıqlandırmaları üçün geniş imkanlar yaradılıb. Nümunə üçün deyə bilərik ki, jurnalistlər üçün yeni media otağı, brifinq otağı yaradılıb, media nümayəndələrinin plenar iclasların gedişini izləməsi və işıqlandırması üçün karantin qaydalarına riayət etməklə əlverişli şərait yaradılıb.
Vətəndaş müraciətlərinin cavablandırılması üçün müasir texnoloji imkanlardan da yararlanmaqla yeni və daha çevik mexanizmlər tətbiq olunur. Vətəndaşların həm deputatlar, həm də parlament Aparatının əməkdaşları tərəfindən qəbul olunması üçün müvafiq tədbirlər görülüb. Milli Məclisin fəaliyyətində baş verən keyfiyyət dəyişikliyi Ali Qanunverici orqana olan ictimai etimadı artırıb.
Bütövlükdə, Milli Məclisin fəaliyyətində baş verən keyfiyyət dəyişikliyi Ali Qanunverici orqana olan ictimai etimadı artırıb. Xüsusilə də, deputatların seçicilərlə mütəmadi görüşlərinin keçirilməsi, millət vəkillərinin bu görüşlərlə əlaqədar parlament rəhbərliyinə hesabatlar təqdim etmələri, eləcə də qanunvericilik təşəbbüslərini artırmaları ölkəmizin ictimai münasibətlər sistemində pozitiv dəyişikliklər kimi cəmiyyət tərəfindən müsbət dəyərləndirilib. Eyni zamanda, seçiciləri maraqlandıran və narahat edən müxtəlif sosial məsələlərin parlamentin tribunasından səsləndirilməsi, müzakirəyə çıxarılması, həmin problemlərin həllinə xüsusi diqqət göstərilməsi vətəndaş məmnunluğunun artmasına əlavə təkan verib. Eyni zamanda, seçicilərin problemlərinin həlli istiqamətində hakimiyyətin qanunverici və icraedici qollarının koordinasiyalı fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilib.Nəticə etibarilə, Azərbaycan Respublikası VI çağırış Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər. Öz işinin öhdəsindən layiqincə gələn respublikamızın VI çağırış parlamentinin fəaliyyəti, eyni zamanda, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir.