Vahid məktəbli geyiminin mühüm üstünlükləri...

Vahid məktəbli geyiminin mühüm üstünlükləri...

Röya Ağayeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 114 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Pedaqoji etikanın əsasını hörmət, ədalət, obyektivlik, nəzakət, məsuliyyət və insan ləyaqətinə ehtiram təşkil edir. Xarici görünüşə diqqət yetirilməsi də məhz bu prinsiplərlə vəhdətdə nəzərdən keçirilməlidir. Müəllim öz davranışı və görünüşü ilə şagirdlərə məsuliyyətli münasibətin, ictimai mühitdə özünü düzgün aparmağın və ümumi qaydalara hörmətin nümunəsini göstərməlidir.

Eyni zamanda, geyim tələblərinin tətbiqi zamanı müəllimlərin hüquq və ləyaqətinə hörmətlə yanaşılması, məsələlərin obyektiv və ədalətli şəkildə həll edilməsi vacibdir. Məktəbdə işgüzar mədəniyyətin formalaşdırılması qarşılıqlı anlaşma, maarifləndirmə və ümumi məsuliyyət prinsiplərinə əsaslanmalıdır. Bu prosesdə məktəb rəhbərliklərinin üzərinə düşən əsas vəzifələrdən biri qəbul edilmiş tələblərin mahiyyətini kollektivə düzgün izah etmək, onların tətbiqində ardıcıllığı təmin etmək və sağlam iş mühitini qorumaqdır.

Qərarda təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi məsələlərinin məktəbin Pedaqoji Şurası tərəfindən həll olunması da məktəbdaxili idarəetmənin əhəmiyyətini göstərir. Bu müddəa geyim məsələsinin məktəbin ümumi fəaliyyətindən ayrı deyil, pedaqoji kollektivin məsuliyyəti və müvafiq qaydalar çərçivəsində nəzərdən keçirilməsini nəzərdə tutur.

Məktəbdə geyim mədəniyyəti məsələsi yalnız müəllimlərlə məhdudlaşmır. Şagirdlərin müəyyən edilmiş geyim formasına riayət etməsi də təhsil mühitində vahidliyin, nizam-intizamın və məktəbə mənsubiyyət hissinin formalaşması baxımından əhəmiyyətlidir. Şagird geyimi ilə müəllim geyimi arasında məqsəd və tətbiq xüsusiyyətləri baxımından fərqlər olsa da, hər iki yanaşmanın ümumi istiqaməti məktəbdə sağlam, nizamlı və təhsilə yönəlmiş mühitin yaradılmasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Bununla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə olunmasına imkan yaradılır.

Qərarda valideynlərin və ya digər qanuni nümayəndələrin uşaqların müəyyən edilmiş geyim tələblərinə riayət etməsini təmin etməli olduqları da təsbit edilir. Bu müddəa məktəb, şagird və ailə arasında qarşılıqlı məsuliyyətin əhəmiyyətini bir daha önə çəkir. Təhsilalanların məktəb qaydalarına uyğun davranması yalnız təhsil müəssisəsinin deyil, həm də ailənin dəstəyi və əməkdaşlığı ilə daha səmərəli şəkildə təmin edilə bilər.

Vahid məktəbli geyiminin mühüm üstünlüklərindən biri şagirdlər arasında geyimlə bağlı sosial fərqlərin nümayiş etdirilməsi imkanlarını məhdudlaşdırmasıdır. Geyim seçimi ətrafında yaranan rəqabətin azalması məktəblilərin diqqətinin təhsilə, şəxsi inkişafa, idmana, yaradıcılığa və digər faydalı fəaliyyətlərə yönəlməsinə şərait yarada bilər.  Bu baxımdan, 309 nömrəli Qərarla müəyyən edilmiş dəyişikliklər və 325 nömrəli Qərarla təsdiq olunmuş təhsilverənlərin geyim tələbləri vahid istiqamətin - təhsil müəssisələrində nizam-intizamın, ümumi mədəniyyətin və peşəkar münasibətlərin möhkəmləndirilməsinin -müxtəlif tərəflərini tamamlayır.

 

Paylaş