Vahid forma sosial-iqtisadi uçurumların sinif qapısında kilidlənməsini təmin edir

Vahid forma sosial-iqtisadi uçurumların sinif qapısında kilidlənməsini təmin edir

Könül Seyidova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

ARTİ-nin aparıcı metodisti, 104 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Hər səhər məktəb həyətlərini dolduran o rəngbərəng canlanmaya baxanda geyimin həyatımızdakı yerini bir daha düşünürük. Çünki məktəb mühitində geyim mövzusu heç vaxt sadəcə vizual seçim və ya parça olmayıb. Sinif otaqlarına daxil olan vahid geyim formaları, müəllim otaqlarında səslənən müəyyən qaydalar əslində bir təhsil fəlsəfəsinin, sosial adaptasiyanın və cəmiyyətin gələcək vizyonunun rəmzidir.

Bütün şüurlu ömrünü ölkənin təhsilinə həsr etmiş, ömrünü sinif otaqlarında və təhsil islahatlarında keçirmiş bir insan kimi tam məsuliyyətlə deyə bilərəm ki, dövlətin bu məsələdəki qətiyyətli mövqeyini tamamilə dəstəkləyirəm. Təhsil sisteminin içində olan hər kəs yaxşı bilir ki, nizam və sistem olmadan dərsliklərin keyfiyyəti belə arxa plana keçir. Dövlətin müəyyən etdiyi bu vahid yanaşma sadəcə bir inzibati qayda deyil, təhsilin bütövlüyünü qorumaq üçün vaxtında atılmış strateji bir addımdır.

Gəlin etiraf edək ki, məktəb təkcə riyazi tənliklərin həll olunduğu və ya tarixin tozlu səhifələrinin vərəqləndiyi quru bir bilik mexanizmi deyil. Ora uşaqların ilk dəfə ailə mühafizəkarlığından çıxıb böyük cəmiyyətlə qarşılaşdığı və birgəyaşayış qaydalarını öyrəndiyi canlı bir sosial institutdur. Bəs bu institutda hamını bərabərləşdirən o vahid forma bizə nə deyir?İlk növbədə, bu addım sosial iqtisadi uçurumların sinif qapısında kilidlənməsidir. Fərqli gəlirli ailələrin övladlarının eyni parta arxasında eyni rəngdə və eyni biçimdə əyləşməsi maddi statusların yaratdığı o gizli, bəzən isə amansız həmyaşıd təzyiqini aradan qaldırır. Uşaq geyimi ilə deyil, düşüncəsi ilə fərqlənməli olduğunu elə o vahid formanın içində dərk edir. Bu, fərdiyyətçiliyin məhvi deyil. Əksinə, mən anlayışından biz anlayışına keçidin, kollektivə aidlik və məsuliyyət hissinin təməlidir.

Təbii ki, bu bərabərlik zəncirinin digər mühüm halqası müəllimlərdir. Əgər şagirddən nizam-intizam tələb olunursa, müəllimin işgüzar üslubu və səliqəsi bu tələbin ən böyük vizual arqumentinə çevrilir. Sadə, funksional və peşəkar standartlara uyğun geyinmiş müəllim şagirdin diqqətini vizual səs-küydən qoruyur. Bu, təkcə idarəetmə və ya inzibati tələb deyil. Bu, pedaqoji nüfuzun sözsüz və səssiz kommunikasiyasıdır.

Məsələnin digər tərəfi isə dünyəvilik və dini dəyərlər arasındakı o incə balansdır. Azərbaycanın dünyəvi dövlət modeli hər kəsin etiqad azadlığına tam təminat verir. Bu gün ölkədə inancına görə heç bir fərd məhdudiyyətlə üzləşmir. Lakin məktəb mühitində vahid daxili nizam-intizam qaydalarının bərqərar olması bu müqəddəs ocaqları hər cür yad təsirlərdən və potensial sosial qütbləşmələrdən uzaq tutmaq strategiyasıdır. Məktəb hər bir vətəndaşın bərabər başladığı neytral, saf və elmi öyrənmə məkanı olaraq qalmalıdır.

Nəticə etibarilə, bu gün məktəblərdə tətbiq olunan geyim qaydaları sadəcə qarderob yenilənməsi deyil. Bu, nizamlı cəmiyyət vətəndaşının təməl formulu daxilində atılan addımdır. Çünki yaxşı gələcək nizamlı təfəkkürdən, nizamlı təfəkkür isə öz növbəsində qaydalara hörmət edilən mühitdən başlayır.

Paylaş